Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların qlobal iqtisadiyyat üçün ciddi risklər yaratdığını açıqlayıb. Qurum bildirir ki, bu proses dünya iqtisadiyyatı üçün “asimmetrik şok” effekti yarada və artıq zəifləmiş artımı daha da aşağı sala bilər.
BVF-nin qiymətləndirməsinə görə, xüsusilə enerji idxalından asılı olan Afrika və Asiya ölkələri yüksək qiymətlər fonunda enerji resurslarına çıxışda daha çox çətinliklə üzləşirlər. Fondun açıqlamasında qeyd olunur ki, mövcud şərait “daha yüksək qiymətlər və daha yavaş iqtisadi artım” ssenarisini gücləndirir.
Hesabatda vurğulanır ki, tədarük zəncirlərinə və infrastruktur sistemlərinə təsirin miqyası münaqişənin nə qədər davam edəcəyindən asılı olacaq. BVF xəbərdarlıq edir ki, dünya uzun müddət qeyri-müəyyənlik, yüksək enerji qiymətləri və nəzarətdən çıxması çətin olan inflyasiya ilə üz-üzə qala bilər.
Bu fonda neft bazarında da kəskin artım müşahidə olunub. ABŞ hərbi qüvvələrinin regiona yerləşdirilməsindən sonra Brent markalı neftin qiyməti bir barel üçün 115 dollara qədər yüksəlib.
BVF həmçinin qeyd edir ki, enerji ilə yanaşı, ərzaq və gübrə qiymətlərindəki artım da qlobal təsir yaradır. Bu vəziyyət Yaxın Şərqdən Latın Amerikasına qədər bir çox ölkədə ərzaq təhlükəsizliyi risklərini artırır. Xüsusilə aşağı gəlirli ölkələrdə bu risk daha yüksək qiymətləndirilir.
Hesabat Tobias Adrian və Cihad Azur tərəfindən hazırlanıb. Onlar bildirirlər ki, aşağı gəlirli ölkələrdə əhalinin xərclərinin böyük hissəsi qidaya yönəldiyi üçün qiymət artımları bu ölkələrə daha ağır təsir edir.
Ümumilikdə, BVF hesab edir ki, mövcud geosiyasi gərginlik qlobal iqtisadiyyat üçün həm inflyasiya təzyiqlərini artırır, həm də iqtisadi artımı zəiflədir.
MONETAR.AZ