Dünya iqtisadiyyatı üçün yeni risk siqnalları səsləndirilib. BlackRock şirkətinin baş direktoru Larri Fink bildirib ki, neft qiymətləri bir barel üçün 150 dollara qədər yüksələrsə, bu, qlobal resessiyaya səbəb ola bilər.
Onun sözlərinə görə, Yaxın Şərqdə münaqişə başa çatsa belə, İranın regionda təhlükə mənbəyi olaraq qalması enerji bazarlarında uzunmüddətli qeyri-sabitlik yarada bilər. Fink qeyd edib ki, xüsusilə Hürmüz boğazı ətrafında risklərin davam etməsi dünya enerji tədarükünə ciddi təsir göstərə bilər.
“Əgər İran ticarətə və regiondakı sabitliyə təhdid olaraq qalarsa, uzun illər ərzində neft qiymətlərinin 100 dolları aşaraq 150 dollara yaxınlaşdığını görə bilərik. Bu isə iqtisadiyyat üçün ağır nəticələr doğuracaq”, – deyə o bildirib.
Ekspertin fikrincə, belə ssenari qlobal iqtisadi artımın kəskin zəifləməsi ilə nəticələnə və dünya miqyasında resessiya riskini artırar.
Məlumata görə ABŞ və İsrailin İrana qarşı əməliyyatlarından sonra neft qiymətləri kəskin artmış, lakin daha sonra mümkün atəşkəs danışıqları ilə bağlı xəbərlər fonunda müəyyən qədər geriləmişdir.
Bununla belə, regiondakı gərginlik Fars körfəzi və xüsusilə Hörmüz boğazı üzərindən enerji daşımalarına ciddi təsir edib. Qeyd olunur ki, dünya üzrə neft və mayeləşdirilmiş qaz tədarükünün təxminən beşdə biri məhz bu marşrutdan həyata keçirilir.
Ümumilikdə, analitiklər hesab edir ki, enerji qiymətlərinin kəskin artımı qlobal inflyasiyanı sürətləndirə və iqtisadi aktivliyi zəiflədərək genişmiqyaslı maliyyə böhranına yol aça bilər.
MONETAR.AZ