Dünya bazarlarında bu həftə nələr dəyişəcək?

Dünya bazarlarında bu həftə

Noyabrın 30-dan dekabrın 6-dək dünya iqtisadiyyatında bir sıra mühüm hadisələr gözlənilir. ABŞ-da əmək bazarının vəziyyətini əks etdirən hesabat, Avrozonada inflyasiya göstəriciləri, Çində istehsal və xidmət sektorlarının fəaliyyəti, Hindistanda isə faiz dərəcəsi ilə bağlı qərar açıqlanacaq.

Monetar.az xəbər verir ki, həftənin əsas hadisələrindən biri ABŞ-da noyabr ayı üzrə məşğulluq hesabatının açıqlanması olacaq. Proqnozlara görə, ölkədə kənd təsərrüfatından kənar sektorlarda 90 min yeni iş yerinin yaradılması gözlənilir. Oktyabrda bu göstərici 165 min təşkil edib. İşsizlik səviyyəsinin isə 4,1% səviyyəsində qalacağı proqnozlaşdırılır.

ABŞ-da orta saatlıq əməkhaqqının aylıq 0,3% artacağı gözlənilir. Bundan əlavə, ölkədə istehsal və xidmət sektorlarının fəaliyyəti, iş yerlərinin sayı və istehlakçı inamı ilə bağlı göstəricilər də açıqlanacaq. Bu məlumatlar Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında keçirəcəyi növbəti iclası öncəsi xüsusi əhəmiyyət daşıyır.

Avropada diqqət əsasən inflyasiya, işsizlik və pərakəndə satış göstəricilərinə yönələcək. Proqnozlara əsasən, Avrozonada illik inflyasiyanın 4%, Almaniyada isə 2,8% səviyyəsində qalacağı gözlənilir. Avrozonada baza inflyasiyasının 2,6% olacağı proqnozlaşdırılır.

Asiya bazarlarında isə Çin və Hindistanla bağlı məlumatlar ön plana çıxacaq. Çində noyabr ayı üzrə həm rəsmi, həm də özəl sektorun istehsal və xidmət PMI göstəriciləri açıqlanacaq. Gözləntilərə görə, rəsmi göstəricilər hər iki sektorda daralmaya işarə edəcək.

Hindistanda Mərkəzi Bankın uçot faiz dərəcəsini 25 baza bəndi artıraraq 5,75%-ə çatdıracağı gözlənilir. Ölkənin üçüncü rüb üzrə iqtisadi artımının isə əvvəlki rübdəki 7,8%-dən 7,6%-ə enəcəyi proqnozlaşdırılır.

Həftə ərzində Türkiyədə də ÜDM, inflyasiya, işsizlik və xarici ticarət göstəriciləri açıqlanacaq. Bundan başqa, Kanada, Braziliya və İsveçrənin üçüncü rüb üzrə iqtisadi artım göstəriciləri də investorların diqqətində olacaq.

Yaponiyada pərakəndə satış və sənaye istehsalı, Avstraliyada isə ÜDM və xarici ticarət məlumatlarının dərc edilməsi gözlənilir.