Dünyanın əsas dinlərinə mənsub insanların ölkələr üzrə sayı açıqlanıb. Araşdırmaya əsasən, xristianların ən böyük əhalisi ABŞ-da, müsəlmanların İndoneziyada, hinduların Hindistanda, buddistlərin Tailandda, yəhudilərin isə İsraildə yaşayır.
Monetar.az xəbər verir ki, bu barədə Pew Research Center-in 2020-ci il üzrə demoqrafik qiymətləndirmələri əsasında hazırlanan araşdırmada bildirilib.
Məlumatlara görə, dünyada təxminən 2,27 milyard xristian yaşayır. Bu göstəriciyə görə ilk yerdə 217,3 milyon nəfərlə ABŞ qərarlaşıb. Braziliya 168,3 milyon nəfərlə ikinci, Meksika isə 113,1 milyon nəfərlə üçüncü yerdədir. İlk beşliyi Filippin (102,5 milyon) və Rusiya (102,4 milyon) tamamlayır.
Müsəlmanların sayına görə ilk yerdə 239 milyon nəfərlə İndoneziya qərarlaşıb. Pakistan 226,9 milyon nəfərlə ikinci, Hindistan 213,1 milyon nəfərlə üçüncü yerdədir. Banqladeş (151,4 milyon) və Nigeriya (120 milyon) da ilk beşliyə daxildir.
Hinduizmin ən geniş yayıldığı ölkə Hindistandır. Dünyadakı 1,18 milyard hinduinin 1,11 milyardı bu ölkədə yaşayır. Nepal 23,5 milyon nəfərlə ikinci, Banqladeş isə 13,1 milyon nəfərlə üçüncü yerdədir. Hindistan dünyadakı hinduların təxminən 94,5%-ni əhatə edir.
Buddistlərin sayına görə Tailand 67,6 milyon nəfərlə birinci yerdədir. Çin 53,4 milyon, Myanma isə 47,2 milyon nəfərlə növbəti pillələrdə qərarlaşıb. Yaponiya 47 milyon nəfərlə dördüncü, Vyetnam isə 22,6 milyon nəfərlə beşincidir.
Yəhudilərin sayına görə isə İsrail 6,78 milyon nəfərlə liderdir. ABŞ-da 5,73 milyon, Fransada 460 min, Kanadada 350 min, Böyük Britaniyada isə 300 min yəhudi yaşayır.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri də dinlərin coğrafi yayılmasındakı fərqlərdir. Xristianlıq beş əsas din arasında ən geniş coğrafiyaya yayılan dindir. İlk 10 ölkə dünya xristianlarının 46,8%-ni əhatə edir. İslamda bu göstərici 65%, buddizmdə 91,2%, yəhudilikdə isə 96,3% təşkil edir.