BƏƏ son 5 ilin ilk dəfə İraqdan çox neft hasil edib 

BƏƏ son 5 ilin ilk dəfə

2026-cı ilin üçüncü rübündə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) gündəlik 3,84 milyon barel neft hasil etməklə son beş ildə ilk dəfə İraqı geridə qoyub. İraqda gündəlik hasilat 3,41 milyon barel təşkil edib. Halbuki dörd il əvvəl İraq BƏƏ-ni gündəlik 1,35 milyon barel qabaqlayırdı.

Monetar.az xəbər verir ki, OPEC-in aylıq neft bazarı hesabatına əsasən, 12 neft istehsalçısının 2026-cı ilin üçüncü rübündə ümumi hasilatı gündəlik 24,36 milyon barel olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,58 milyon barel və ya 13% azdır.

Hasilatın azalmasında əsas pay Səudiyyə Ərəbistanı, İraq, Küveyt və İranın üzərinə düşüb. Bu dörd ölkənin ümumi gündəlik hasilatı bir il ərzində 4,48 milyon barel azalıb.

Səudiyyə Ərəbistanında gündəlik hasilat 7,53 milyon barelə enib. Bu, illik müqayisədə 22%, 2022-ci ilin üçüncü rübü ilə müqayisədə isə 31% azalma deməkdir. Beləliklə, ölkə son beş ildə üçüncü rüb üzrə ən aşağı hasilat göstəricisini qeydə alıb.

İranda neft hasilatı daha kəskin - 33% azalaraq gündəlik 2,17 milyon barelə düşüb. Küveytdə göstərici 26% azalaraq 1,84 milyon barel, İraqda isə 15% azalaraq 3,41 milyon barel olub.

BƏƏ isə digər əsas istehsalçılardan fərqli olaraq hasilatı artırıb. Ölkədə gündəlik neft hasilatı bir il ərzində 18% yüksələrək 3,84 milyon barelə çatıb.

BƏƏ-nin hasilat artımı OPEC+ kvota sistemindən ayrılması ilə də əlaqələndirilir. Ölkə təşkilatdan çıxmazdan əvvəl gündəlik hasilat kvotası təxminən 3,4 milyon barel, istehsal gücü isə 4,8 milyon barel səviyyəsində idi.

Bununla yanaşı, BƏƏ iqtisadiyyatında neft sektorunun payı da azalır. 2026-cı ilin ilk yarısında qeyri-neft sektorunun real ÜDM-də payı 79,2%-ə yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 78,1% olub.

Venesuelada da hasilat artımı qeydə alınıb. Ölkənin gündəlik neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 20% artaraq 1,13 milyon barelə çatıb. Bu, 2022-ci ilin üçüncü rübündən 70% çoxdur.

Venesuelanın hasilat artımında ABŞ-ın Chevron şirkətinin də fəaliyyəti rol oynayır. Şirkət 2026-cı ilin sentyabrında birgə müəssisələrində hasilatın ilin əvvəlindən 15% artdığını açıqlayıb. Yeni razılaşmaya əsasən, Chevron beş il ərzində 7 milyard dollardan çox investisiya yatırmağı və birgə müəssisələrin gündəlik hasilatını təxminən 600 min barelə çatdırmağı planlaşdırır.

Afrika ölkələrindən Nigeriyada gündəlik hasilat 1,56 milyon barel təşkil edib. Bu, 2022-ci illə müqayisədə 47% çoxdur. Liviyada isə göstərici 1,34 milyon barelə çatıb. Venesuela, Əlcəzair, Konqo, Qabon və Ekvatorial Qvineyanın da daxil olduğu digər istehsalçıların hasilat artımı Körfəz ölkələrindəki azalmaları kompensasiya etmək üçün kifayət etməyib.

Qeyd edək ki, üçüncü rüb üzrə göstəricilərdən sonra neft bazarında vəziyyət dəyişib. OPEC-in noyabr hesabatına əsasən, həmin 12 ölkənin oktyabr ayında ümumi gündəlik hasilatı 27,16 milyon barelə yüksəlib. Səudiyyə Ərəbistanında isə hasilat yenidən 9,19 milyon barelə çatıb.

OPEC+ ölkələrinin 29 noyabrda keçirilən görüşündə 2027-ci il üçün hasilat kvotaları müzakirə olunub. BƏƏ isə təşkilatdan ayrıldığı üçün yeni kvota razılaşmasında iştirak etməyib.