Hər il noyabrın 30-da dünyanın bir çox ölkəsində Ümumdünya Ev Heyvanları Günü qeyd olunur. Bu tarix ev heyvanlarının qorunması, sahibsiz heyvanlara qayğı göstərilməsi və insanların onlara qarşı məsuliyyətinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Monetar.az xəbər verir ki, bu günün qeyd olunması ideyası 1931-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilən Beynəlxalq Təbiəti Mühafizə Konqresində irəli sürülüb. Həmin vaxtdan noyabrın 30-u bir çox ölkədə ev heyvanlarına həsr olunan gün kimi qeyd edilir.
Son illərdə ev heyvanlarının qorunması, sahibsiz heyvanların sayı, onların saxlanma şəraiti və heyvanlara qarşı qəddar davranış halları cəmiyyətin diqqət mərkəzində olan məsələlərdəndir. Bu baxımdan günün əsas məqsədi yalnız ev heyvanlarına sevgi göstərməyi deyil, həm də onların həyatına görə məsuliyyət daşımağın vacibliyini xatırlatmaqdır.
Günün əsas mesajı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərindəki məşhur fikirlə ifadə olunur: “Sən əhliləşdirdiklərin üçün hər zaman cavabdehsən”.
Bu münasibətlə müxtəlif ölkələrdə maarifləndirici tədbirlər keçirilir, heyvanların qorunması və onlara qayğı göstərilməsi ilə bağlı təşəbbüslər irəli sürülür.