1 giqavatlıq süni intellekt mərkəzi üçün 38 milyard dollar tələb olunur

1 giqavatlıq süni intellekt mərkəzi üçün

Süni intellekt texnologiyalarının sürətlə yayılması məlumat mərkəzlərinin tikintisi və istismarı xərclərini artırır.

Monetar.az xəbər verir ki, bu barədə Visual Capitalist nəşrinin Epoch AI məlumatları əsasında hazırlanan araşdırmada bildirilib.

Hesablamalara görə, 1 giqavat gücündə süni intellekt məlumat mərkəzinin tikintisi üçün ilkin olaraq təxminən 38 milyard dollar investisiya tələb olunur. Tikinti xərclərinin illikləşdirilmiş məbləği və istismar xərcləri birlikdə ildə təxminən 8,5 milyard dollar təşkil edir.

Araşdırmada 1 giqavatlıq hipotetik süni intellekt məlumat mərkəzinin qurulması və fəaliyyətinin maliyyə yükü müqayisə edilib. Hesablamalara əsasən, illikləşdirilmiş kapital xərcləri təxminən 7,6 milyard dollar, istismar xərcləri isə 900 milyon dollar civarındadır.

Tikinti ilə bağlı illikləşdirilmiş xərclərdə ən böyük pay serverlərin üzərinə düşür. Bu istiqamətdə illik xərc 5,02 milyard dollar hesablanıb. Məlumat mərkəzinin binası və infrastrukturu üçün 1,39 milyard dollar, şəbəkə infrastrukturu üçün isə 1,17 milyard dollar nəzərdə tutulub. Kommunal infrastruktur işlərinin illikləşdirilmiş xərci 20 milyon dollar, torpaq sahəsinin payı isə 13 milyon dollar təşkil edir.

İstismar xərcləri arasında elektrik enerjisi birinci yerdədir. Məlumat mərkəzinin enerji təminatı üçün ildə 594 milyon dollar tələb olunur. Vergilər 143 milyon dollar, texniki xidmət 120 milyon dollar, əməkhaqqı xərcləri 40 milyon dollar, su təminatı isə 6 milyon dollar səviyyəsində qiymətləndirilib.

Beləliklə, serverlər məlumat mərkəzinin illik ümumi xərclərinin təxminən 60%-ni təşkil edir. Elektrik enerjisi isə istismar xərclərinin ən böyük hissəsi olsa da, ümumi illikləşdirilmiş xərclərin cəmi 7%-nə yaxınını təşkil edir.

Araşdırmada istifadə olunan model NVIDIA-nın GB200 NVL72 sistemlərinə əsaslanır. Hər bir belə sistemin qiyməti 3 milyon dolları ötür. Hesablamalarda informasiya texnologiyaları avadanlıqlarının istismar müddəti 5 il, məlumat mərkəzinin binasının isə 14 il götürülüb.