Çinin avtomobil istehsalçısı Chery insana bənzər robotların hazırlanması istiqamətində fəaliyyətini genişləndirir. Şirkət yol hərəkətinin tənzimlənməsi, xəstəxanalarda pasiyentlərə yardım və yaşlılara qulluq üçün robotlar istehsal etməyi planlaşdırır.
Financial Times qəzetinin məlumatına görə, Jaecoo brendinin sahibi olan Chery 2035-ci ilədək ənənəvi avtomobil istehsalçısından daha geniş profilli texnologiya şirkətinə çevrilməyi hədəfləyir. Bu strategiya Çin elektromobil bazarında rəqabətin güclənməsi, benzinlə işləyən avtomobillərə tələbatın azalması və xarici bazarlarda ticarət maneələrinin artması fonunda həyata keçirilir.
Şirkətin robototexnika üzrə törəməsi AiMOGA Robotics artıq Çinin Uxu şəhərində ictimai xidmətlər üçün nəzərdə tutulmuş humanoid robotlar hazırlayıb. Bu robotlar arasında yol hərəkəti qaydalarının pozulmasına nəzarət edən nizamlayıcı maşınlar və xəstəxanalarda pasiyentləri müşayiət edən robotlar var.
Chery təhsil və yaşlılara qulluq sahələrində istifadə üçün uşaq görünüşlü humanoid robotlar da hazırlayır. Şirkət avtomobilləri üçün inkişaf etdirdiyi süni intellekt, ətraf mühitin qavranılması və avtonom idarəetmə texnologiyalarını robototexnikaya tətbiq etməyə çalışır.
Yeni istiqamətin inkişafında Chery-nin istehsal təcrübəsi və beynəlxalq şəbəkəsi mühüm rol oynaya bilər. Şirkət indiyədək dünya üzrə 7 milyondan çox avtomobil ixrac edib. Hazırda onun 25 xarici zavodu və 16 qlobal tədqiqat mərkəzi fəaliyyət göstərir.
Chery ticarət maneələrinin təsirini azaltmaq və beynəlxalq mövqelərini gücləndirmək məqsədilə Avropa və Böyük Britaniyada yeni istehsal müəssisələri açmaq imkanlarını da nəzərdən keçirir.
Bununla belə, robototexnika bazarında rəqabət kifayət qədər yüksəkdir. Bir sıra Çin avtomobil istehsalçıları da avtomobil sənayesi üçün hazırladıqları texnologiyaları yeni sahələrdə kommersiyalaşdırmaq üçün humanoid robotlara və süni intellektə investisiya yatırırlar. Analitiklər bu şəraitdə Chery-nin davamlı texnoloji üstünlük qazanmasının çətin ola biləcəyini bildirirlər.
Chery robototexnikanı avtomobil biznesindən kənarda yeni gəlir və inkişaf mənbəyi kimi görür. Şirkətin 2035-ci il hədəfi onun fəaliyyət modelində köklü dəyişiklik nəzərdə tutur.
MONETAR.AZ