Avropada emissiyaların hesablanmasının sərtləşdirilməsi təxirə salınır

Avropada emissiyaların hesablanmasının sərtləşdirilməsi

Avropa Komissiyası bəzi şəbəkəyə qoşulan hibrid avtomobillər (PHEV) üçün karbon emissiyalarının hesablanması metodikasının sərtləşdirilməsini 2030-cu ilədək təxirə salmağı təklif edib. Bu addım Avropa avtomobil istehsalçılarına ekoloji tələblərə uyğunlaşmaq üçün əlavə vaxt və çeviklik qazandıra bilər.

Reuters-in məlumatına görə, Avropa İttifaqının (Aİ) hibrid avtomobillərin elektrik enerjisi ilə qət etdiyi məsafənin payını müəyyənləşdirən “faydalı istifadə əmsalı”na dəyişikliklərin 29 noyabr 2026-cı ildə qüvvəyə minməsi gözlənilirdi. Lakin Komissiya hesablamaların 2030-cu il yanvarın 1-dək mövcud qaydalarla aparılmasını təklif edir.

Təklif elektrik mühərriki ilə ən azı 80 kilometr məsafə qət edə bilən şəbəkəyə qoşulan hibrid modellərə şamil olunur. Komissiya nümayəndələrinin fikrincə, bu müddət istehsalçılara avtomobillərin texniki göstəricilərini yaxşılaşdırmaq və elektriklə hərəkət imkanlarını genişləndirmək üçün investisiya yatırmağa şərait yaradacaq.

“Faydalı istifadə əmsalı” avtomobillərin rəsmi karbon emissiyası göstəricilərinin hesablanmasında mühüm rol oynayır. Metodikanın yenilənməsi real istismar şəraitində qeydə alınan emissiyaları rəsmi test nəticələrinə daha yaxın əks etdirmək məqsədi daşıyır.

Real monitorinq məlumatları göstərir ki, şəbəkəyə qoşulan hibrid avtomobillər elektrik enerjisi ilə rəsmi hesablamalarda nəzərdə tutulduğundan daha az məsafə qət edirlər. Bunun əsas səbəblərindən biri sürücülərin avtomobillərini gözlənilən tezlikdə enerji ilə doldurmamasıdır.

Dəyişikliklərin təxirə salınması nəticəsində istehsalçılar mövcud emissiya hesablama metodikasından daha uzun müddət istifadə edə biləcəklər. Beləliklə, avtomobillərin rəsmi emissiya göstəricilərinin yüksəlməsinin təsiri də gecikdirilmiş olacaq.

Təklif Aİ-yə üzv ölkələrə və Avropa Parlamentinə təqdim ediləcək. Hər iki tərəf təşəbbüsə etiraz edə bilər. Avropa Komissiyası bildirir ki, avtomobillərin real istismar göstəriciləri əsasında faydalı istifadə əmsalının müntəzəm yenilənməsi 2030-cu ildən etibarən bərpa olunacaq.

Təşəbbüs ekoloji təşkilatların narazılığına səbəb olub. Transport & Environment təşkilatının sentyabr ayında açıqladığı məlumata görə, plug-in hibrid avtomobillərin real karbon emissiyaları rəsmi test göstəricilərindən orta hesabla altı dəfə yüksəkdir. Təşkilat 2021-ci ildə real emissiyaların monitorinqinə başlanandan bəri bu fərqin hər il artdığını bildirir.

Ekoloji fəallar hesab edirlər ki, metodikanın sərtləşdirilməsinin təxirə salınması plug-in hibridlərin ətraf mühitə faktiki təsirinin rəsmi göstəricilərdə aşağı əks olunmasına şərait yaradacaq. Buna görə də təşkilat Avropa Komissiyasını planlaşdırılan dəyişiklikləri vaxtında qüvvəyə mindirməyə çağırıb.

Qərar Avropa avtomobil sənayesinin daha az emissiyalı nəqliyyat vasitələrinə keçid etdiyi, eyni zamanda istehsalçıların Aİ-nin ekoloji tələblərinə uyğunlaşmaq üçün əlavə çeviklik əldə etməyə çalışdığı bir dövrə təsadüf edir.

MONETAR.AZ