Gənclər Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi Zəngilan, Füzuli və Laçın rayonlarında təşkil olunan tədbirlərlə bu ilki fəaliyyətini başa çatdırıb.
Gənclər Fondundan AZƏRTAC-a verilən məlumata görə, Fondun yaradılmasının 15 illiyi münasibətilə “Gənclərlə, gənclər üçün” şüarı altında reallaşdırılan layihənin əsas məqsədi region gənclərinin ictimai fəallığını artırmaq, yaradıcı potensialını üzə çıxarmaq, bilik və bacarıqlarının inkişafına dəstək göstərmək, eləcə də dövlət gənclər siyasəti çərçivəsində mövcud imkanları onlar üçün daha əlçatan etmək olub.
İyun ayında fəaliyyətə başlayan layihə ölkənin 20 şəhər və rayonunda 8 mindən çox gənci əhatə edib. Altı ay ərzində gənclərin inkişafı və təşəbbüslərinin dəstəklənməsi məqsədilə 1000-dən çox fəaliyyət təşkil olunub.
Laçın rayonunda keçirilən bağlanış tədbiri Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev və Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev layihənin gənclərin inkişafına, ictimai fəallığının artırılmasına və dövlətçilik dəyərlərinin təşviqinə verdiyi töhfəni vurğulayıblar. Onlar xidmətin işğaldan azad edilmiş ərazilərdə yaşayan gəncləri də əhatə etməsinin əhəmiyyətini qeyd ediblər.
Layihə çərçivəsində “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik” və “Əyləncə” zonaları üzrə müxtəlif tədbirlər keçirilib. Gənclər maarifləndirici sessiya və təlimlərdə, ustad dərslərində, yaradıcılıq məşğələlərində, intellektual oyunlarda, viktorinalarda və komanda fəaliyyətlərində iştirak ediblər.
Layihə Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.