2026-cı ildə qiyməti ilə gözlənilən qalan istismar müddəti arasındakı nisbətə görə ən sərfəli ikinci əl avtomobillərin reytinqi açıqlanıb.
Monetar.az xəbər verir ki, SeeCars şirkətinin araşdırması əsasında 24 avtomobildən ibarət reytinq hazırlanıb. Siyahıda ilk yeri Honda Fit tutub. Araşdırmaya əsasən, bu modelin gözlənilən qalan istismar müddətinin hər ili avtomobil sahibinə orta hesabla 1 693 dollara başa gəlir.
Araşdırmada beşillik avtomobillərin orta satış qiyməti onların gözlənilən qalan istismar müddəti ilə müqayisə edilib. Məqsəd avtomobilin alış qiymətini onun gələcəkdə neçə il istifadə oluna biləcəyi ilə əlaqələndirərək daha sərfəli modelləri müəyyənləşdirməkdir.
Reytinqdə ilk beşlikdə Honda Fit, Kia Rio 5-Door, Honda Civic, Buick Encore və Mazda3 Hatchback yer alıb.
İlk 10-luğun digər iştirakçıları Mitsubishi Outlander Sport, Hyundai Elantra, Lexus IS 300, Volkswagen Jetta və Toyota Corolla olub.
Honda Fit-in orta satış qiyməti 18 445 dollar, gözlənilən qalan istismar müddəti isə 10,9 il təşkil edir. İkinci yerdəki Kia Rio 5-Door 12 977 dollar qiymətləndirilir və onun daha 6,6 il istismar oluna biləcəyi proqnozlaşdırılır. Üçüncü yerdə qərarlaşan Honda Civic-in orta qiyməti 19 958 dollar, qalan istismar müddəti isə 9,6 ildir.
Araşdırmada diqqət çəkən məqamlardan biri də yapon avtomobil istehsalçılarının üstünlüyüdür. Belə ki, 24 modeldən 14-ü Yaponiya istehsalçılarının avtomobilləridir. Cənubi Koreya markalarının da əlavə olunması ilə Asiya istehsalçılarının ümumi payı 71%-ə çatır.
Bütün araşdırılan avtomobillər üzrə orta satış qiyməti 24 377 dollar, gözlənilən qalan istismar müddəti 7,4 il, hər qalan istismar ilinin orta dəyəri isə 3 310 dollar hesablanıb.
Maraqlı nəticələrdən biri Lexus IS 300 modeli ilə bağlıdır. Avtomobilin orta qiyməti 28 213 dollar olsa da, gözlənilən 13 illik qalan istismar müddəti sayəsində bu göstərici hər il üçün 2 173 dollar təşkil edir. Bu, ondan daha ucuz bəzi modellərlə müqayisədə daha sərfəli nəticədir.