İndoneziya 2027-ci ildə subsidiyalı yanacağın bahalaşdırılmasını müzakirə edir

İndoneziya 2027-ci ildə subsidiyalı yanacağın bahalaşdırılmasını

İndoneziya hakimiyyəti dünya bazarında neftin bahalaşması və milli valyutanın zəifləməsi fonunda 2027-ci ilin əvvəlində subsidiyalaşdırılan yanacağın qiymətini artırmaq imkanını müzakirə edir. Bu, son beş ildə belə bir addımın ilk dəfə nəzərdən keçirilməsidir.

Məsələ ötən həftə İndoneziya Bankı, dövlətə məxsus Pertamina enerji şirkəti, Danantara suveren rifah fondu və İqtisadi Məsələlər üzrə Əlaqələndirmə Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə müzakirə olunub. Hələlik qiymət artımı ilə bağlı yekun qərar qəbul edilməyib və mümkün artımın miqyası açıqlanmayıb.

Təşəbbüsün əsas səbəblərindən biri Pertamina şirkətinin maliyyə vəziyyətidir. Hökumət büdcə kəsirini nəzarətdə saxlamağa çalışdığı üçün şirkət subsidiyalı yanacağın paylanması ilə bağlı xərclərinin tam kompensasiyasını dövlətdən ala bilmir.

Bu il enerji subsidiyalarına ayrılan vəsaitin 500 trilyon rupiyə (27,2 milyard dollar) çatacağı gözlənilir. Bu, ilkin büdcə proqnozundan 30% çoxdur. Ölkənin büdcə kəsirinin ÜDM-ə nisbəti 2,85% səviyyəsində qiymətləndirilir ki, bu da qanunla müəyyən edilmiş 3%-lik həddə yaxındır.

Hazırkı subsidiya sisteminə əsasən, 90 oktanlı benzinin bir litri 10 000 rupiyə satılır. Bu, bir qallon üçün təxminən 2,1 dollar təşkil edir və yanacağın hesablanmış bazar dəyərinin təxminən yarısına bərabərdir. Dizelin bir litri isə 6 800 rupiyə, yaxud bir qallon üçün təxminən 1,4 dollara təklif olunur. Bu qiymət onun iqtisadi dəyərinin üçdə birindən də azdır.

Maliyyə təzyiqlərini artıran digər amil milli valyutanın zəifləməsidir. Cümə axşamı rupi dollar qarşısında rekord minimuma enərək bir dollar üçün 18 395 rupi səviyyəsinə düşüb.

İndoneziya Hökumət Kommunikasiyaları Agentliyi bildirib ki, hakimiyyət bu il subsidiyalı yanacağın qiymətini artırmamaq öhdəliyi götürüb. Bununla yanaşı, prezident Prabovo Subiantonun 2027-ci il üçün bu məsələ ilə bağlı hələlik göstəriş vermədiyi qeyd olunub. Maliyyə Nazirliyi isə yanacaq subsidiyalarının artırılması ilə bağlı müzakirələrdən xəbərdar olmadığını açıqlayıb.

Yanacağın qiyməti İndoneziyada siyasi baxımdan həssas məsələlərdən biridir. 1998-ci ildə yanacağın bahalaşması prezident Suhartonun istefasına gətirib çıxaran kütləvi etirazların səbəblərindən biri olub. 2015-ci ildə qiymət artımı isə onun varisinin ictimai dəstəyinin azalması ilə nəticələnib.

Lembaga Survei Indonesia sosioloji şirkətinin icraçı direktoru Cayadi Hanan bildirib ki, yanacağın bahalaşması əhalinin iqtisadi vəziyyətlə bağlı narazılığını artıra və bu narazılıq hökumətin, xüsusilə də prezidentin fəaliyyətinə münasibətdə özünü göstərə bilər.

Qeyd edək ki, prezident Prabovonun ictimai dəstəyi bu il iqtisadi vəziyyətlə bağlı narahatlıqlar fonunda azalıb. İndoneziyanın fond bazarı il ərzində zəif dinamika nümayiş etdirib, rupi isə bir neçə dəfə tarixi minimum səviyyələrini yeniləyib.

MONETAR.AZ