İran rialı dollar qarşısında 3 milyon həddinə yaxınlaşıb

İran rialı dollar qarşısında 3 milyon

İran rialı dünən gec saatlarda ABŞ dolları qarşısında növbəti tarixi minimumunu yeniləyərək 3 milyon həddinə yaxınlaşıb. Güclənən ABŞ sanksiyaları, dəniz blokadası və yüksək inflyasiya ölkənin valyuta bazarına təzyiqi artırır.

Reuters-in məlumatına görə, Bonbast servisində dolların məzənnəsi 2 milyon 990 min rial, Alanchand platformasında isə 2 milyon 997 min rial səviyyəsində qeydə alınıb.

Rialın ucuzlaşması son aylarda sürətlənib. 2024-cü ilin noyabrında dollar 690 min rial olduğu halda, 2025-ci ilin martında 1 milyon, 2026-cı ilin avqustunda isə 2 milyon rial həddini keçib. Noyabrın 24-də məzənnə 2,85 milyon riala çatıb. 2018-ci ildə ABŞ-ın nüvə sazişindən çıxaraq sanksiyaları bərpa etməsindən sonra İran valyutası dəyərinin 90%-dən çoxunu itirib.

Valyuta böhranı doqquz aydır davam edən müharibə, İran limanlarına qarşı dəniz blokadası və Vaşinqtonun yeni sanksiyaları fonunda dərinləşir. ABŞ maliyyə naziri Skott Bessent yeni məhdudiyyətlərin İranı qlobal iqtisadiyyatdan təcrid etməyə yönəldiyini bildirib.

İran Statistika Mərkəzinin məlumatına görə, oktyabrda illik inflyasiya 88,7%, ərzaq və içkilərin qiymət artımı isə 112,6% təşkil edib.

İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemmati ölkənin yaxın bir neçə ay üçün zəruri malların və dərmanların idxalını maliyyələşdirməyə kifayət qədər valyuta ehtiyatının olduğunu açıqlayıb. Bununla belə, siyasi hadisələrin və bazar gözləntilərinin məzənnəyə təsir etdiyini də etiraf edib.

Əhali əmanətlərini qorumaq məqsədilə xarici valyuta və qızıla yönəldikcə, azad bazarda dollara tələbat da artır.

MONETAR.AZ