İran iqtisadiyyatı təzyiq altında: Birja bağlandı, bank hesablarına çıxış dayandırıldı

İranın maliyyə sistemində ciddi gərginlik yaşanır. Yerli medianın məlumatına görə, ölkənin ən köklü dövlət banklarından olan Bank Sepah da daxil olmaqla, 3 hərbi əlaqəli bankın şəbəkəsi bağlanıb, müştərilər hesablarına çıxış edə bilmədiklərini bildiriblər.
İran ordusu ilə əlaqəli Ansar Bank və Kosar Bank istifadəçiləri də gün ərzində bank kartları ilə əməliyyat apara bilmədiklərini deyiblər. Kartlı əməliyyatlarda səhər saatlarından etibarən fasilələr yaşanıb.
Maliyyə sistemindəki bu böhranın fonunda Təhranın qiymətli kağızlar birjası hökumətin qərarı ilə müvəqqəti olaraq bağlanıb. İran hökumətinin sözçüsü Fatemeh Mohajerani bildirib ki, bazarlar yalnız “durum sabitlik qazandıqdan sonra” yenidən fəaliyyətə başlayacaq.
Banklardan və İran hökumətindən bu məsələyə dair hələlik rəsmi açıqlama verilməyib. Qeyd olunan 3 bankın hamısı İranın silahlı qüvvələri ilə bağlı maliyyə qurumları hesab olunur.
Hazırda İsrail və İran arasında artan hərbi gərginlik fonunda ölkənin maliyyə infrastrukturunun hədəfə alınması və ya daxili siyasi səbəblərlə önləyici tədbirlər görülməsi ehtimal olunur. Bank Sepah dövlət əməkhaqlarının ödənişində və müdafiə sektoruna maliyyə xidmətlərində mühüm rol oynayır. Şəbəkəsinin bağlanması ölkədə daha dərin maliyyə və sosial böhranlara səbəb ola bilər.
MONETAR.AZ