Qızıl ticarəti: haradan alıb hara satırıq?

Qızıl ticarəti:
17 İyun 2025 14:36

2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana ümumi dəyəri 2 milyard 527 milyon 305 min ABŞ dolları olan 26 min 929 kiloqramdan çox qızıl idxal olunub. Bu barədə Monetar.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən məlumat yayıb.

Statistik göstəricilərə görə, ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 93 min 849 ABŞ dolları təşkil edib. İdxal edilən məhsullar əsasən yarımişlənmiş qızıl formaları – çubuqlar, məftillər, profillər, qalınlığı 0,15 mm-dən çox olan vərəqlər və lentlərdir.

Azərbaycanın qızıl idxalında lider ölkə Rusiya olub – bu ölkədən 4 752,95 kq həcmində qızıl alınıb və bu partiyanın ümumi dəyəri 439,26 milyon ABŞ dolları təşkil edib. Rusiya ilə yanaşı Avstraliya (3 703,7 kq / 325,17 milyon dollar) və ABŞ (2 959,99 kq / 298,86 milyon dollar) da əsas tədarükçülər sırasında qərarlaşıb.

İlk onluğa daxil olan digər ölkələr aşağıdakılardır:

  • Böyük Britaniya: 2 694,33 kq – 248,93 milyon dollar

  • Meksika: 2 107,72 kq – 185,46 milyon dollar

  • Kanada: 1 375,07 kq – 129,77 milyon dollar

  • İsveçrə: 1 131,09 kq – 108,91 milyon dollar

  • Çin: 1 173,72 kq – 108,21 milyon dollar

  • Cənubi Afrika Respublikası: 1 004,78 kq – 106,01 milyon dollar

  • Qazaxıstan: 983,06 kq – 98,34 milyon dollar

2025-ci ilin ilk dörd ayında Azərbaycan daxilində qızıl hasilatı 1 026,3 kq təşkil edib. Eyni dövrdə ölkədən əsasən İsveçrəyə yönəlmiş 1 308,6 kq həcmində emal olunmamış qızıl ixrac olunub. Bu ixracatın ümumi dəyəri 95,43 milyon ABŞ dolları təşkil edib. Beləliklə, ixrac olunan qızılın 1 kiloqramı üçün orta qiymət 72 921 ABŞ dolları olub – bu isə idxal qiymətindən təxminən 22% ucuzdur.

Bu fərq Azərbaycan tərəfindən idxal olunan məhsulların emal olunmuş, yarımfabrikat formada olmasını, ixrac olunan məhsulların isə xammal halında çıxarılmasını göstərir.


Oxşar xəbərlər