Bütün növ istehlak kreditləri bahalaşıb

Bütün növ istehlak kreditləri
28 İyul 2025 00:39

Azərbaycan Mərkəzi Bankı istehlak kreditləri üzrə sektorun orta faiz dərəcələrinə dair 2025-ci il iyunun 30-na olan göstəriciləri açıqlayıb. Yeni rəqəmlər 2024-cü ilin eyni dövrü ilə müqayisədə bir sıra kredit növləri üzrə artımın baş verdiyini göstərir.

Məlumata əsasən, 2025-ci ildə kredit kartı vasitəsilə verilən kreditlər üzrə orta faiz dərəcəsi 25 faiz təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövründə 23 faiz idi. Məişət avadanlıqlarının alınması ilə bağlı verilən kreditlər üzrə də artım müşahidə olunub – ötən il bu kateqoriya üzrə orta faiz 25 faiz idisə, cari ildə 26 faizə yüksəlib.

Yaşayış sahəsinin təmiri ilə bağlı kreditlərin faiz dərəcəsi 2024-cü ildə 16 faiz olduğu halda, 2025-ci ildə bu rəqəm 17 faizə çatıb. Avtomobil kreditləri üzrə isə orta faiz dərəcəsi ötən il 11 faiz təşkil edirdisə, bu il 12 faizə qədər artıb. Digər istehlak kreditləri üzrə də faizlər yüksəlib – 2024-cü ildə 19 faiz olan bu göstərici 2025-ci ildə 21 faizə çatıb.

Ekspertlər bildirirlər ki, faizlərdəki artım müxtəlif makroiqtisadi amillərlə – inflyasiya gözləntiləri, daxili bazarda likvidliyin səviyyəsi və bank sektorunda risklərin artması ilə bağlı ola bilər.

MONETAR.AZ


Oxşar xəbərlər