Hedcinq: yeni sistemdən gözləntilər

Hedcinq: yeni sistemdən
28 İyul 2025 11:53

2015-ci ildə baş vermiş devalvasiya həm əhali, həm də bankları kreditlərə daha məsuliyyətli yanaşmağa vadar etdi. Nəticədə banklar fiziki şəxslərə kreditləri manatla verməyə başladılar. Mərkəzi Bankın (AMB) yeni təqdim etdiyi hedcinq (hedging) sistemi bu kimi narahatlıqların aradan qaldırılmasına hesablanıb. Bu yenilik banklarla yanaşı, bank olmayan kredit təşkilatlarını (BOKT) da əhatə edəcək və ekspertlərin qiymətləndirməsinə görə, kredit bazarında hərəkətlilik yaradacaq.

Hedcinq nədir?

Sadə dillə ifadə etsək, hedcinq maliyyə əməliyyatları nəticəsində yaranan risklərin sığortalanmasıdır. İqtisadçı-ekspert Elman Sadıqov bildirir ki, bir sıra yerli banklar xarici maliyyə institutlarından müxtəlif vəsaitlər cəlb edirlər. Bu vəsaitləri cəlb edən banklar onu manatla yerləşdirir və bizneslərə kreditlər verirlər. Amma bu banklar hər zaman kursun dəyişməsi riski ilə üz-üzədirlər. Hazırda manatın devalvasiya ehtimalı olmasa belə, banklar üçün bu, risk olaraq qalmaqdadır. Ancaq bu narahatlıqları geridə qoymaq üçün AMB yeni sistem təqdim edir. Mərkəzi Bank xaricdən cəlb olunan vəsaitləri hedcinq edərək onları təminat altına alır. E.Sadıqovun sözlərinə görə, devalvasiya baş versə belə, cəlb olunan vəsaitlər hedc olunduğu üçün AMB riskləri də qarşılayacaq. Bu sistem işə düşəndən sonra banklar vəsaitləri asanlıqla cəlb edib biznes krediti formasında verə biləcəklər. Məsələn, hazırda ABŞ dollarının rəsmi məzənnəsi 1.7 AZN-ə bərabərdir, əgər gələcəkdə kurs 2 AZN olacaqsa, arada qalan 0.30 AZN-lik fərqi AMB hedcinq razılaşmasına görə banklara ödəməyi öz üzərinə götürmüş olur. Ekspert vurğulayır ki, diapazon 3 il nəzərdə tutulsa da, sığortalanma hər ilə görə aparılacaq.

AMB-nin sədri Taleh Kazımov bildirib ki, bu alətin tətbiqi zamanı əsasən kapitala və yaxud maliyyələşdirilən sahə üzrə kredit portfelinə baxılacaq. Hedc olunan vəsait bankın məcmu kapitalının 5%-i və yaxud kredit portfelinin 20%-i qədər nəzərdə tutulur. Təsirlərə gəldikdə isə bankların bazar şəraitindən aslı olaraq 3-4% xərci olacaq. Burda hansısa yüksək kredit riskləri yoxdur.

Yeni alət kredit faizlərinə necə təsir edəcək?

İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, yenilik ölkəyə əlavə kredit resursunun gəlməsinə şərait yaradacaq. Artıq risklər zəmanət altına alındığından, həm banklar, həm də BOKT-lər bu aləti almaqda maraqlı olacaqlar. Həmin qurumlardan yalnız hedc üçün komissiya ödəmələri istəniləcək ki, bu da o qədər böyük məbləğ olmayacaq. Bu məbləği ödəməklə banklar və BOKT-lər artıq kurs riski daşımaqdan azad olacaqlar. X.Kərimli hesab edir ki, yenilik ölkənin kredit reytiniqini yaxşılaşdırmaq baxımından da böyük əhəmiyyətə malikdir. Ekspertin izahına görə, banklarımız daha aşağı faizlə xarici bazarlarda borclana biləcəklər, bundan sonra hedc aləti ilə cəlb etdikləri vəsaitin məzənnəsini sığortalayacaqlar və bunu manata çevirib kreditlər verə biləcəklər. Ekspert hesab edir ki, faizlərin düşməsi də realdır. Yəni məzənnə artsa və manat dollar qarşısında dəyər itirsə də, bankların itkisi olmayacaq. Bir sözlə, banklar üçün əlavə kredit resursu yaranacaq.

Ekspert bu sistemin tətbiqi ilə iqtisadiyyata xaricdən valyuta cəlbinin asanlaşacağını bildirir. İkincisi, məzənnə ilə əlaqədar risklər keçmişdə qalacaq, ölkənin reytinqi yaxşılacaq və banklar daha ucuz faizlə borclana biləcək.

X.Kərimli deyir ki, yenilik manatla verilən kreditlərin faizinin artmasının da qarşısını müəyyən qədər ala bilər. Bu alətin işləməsi ilə resursu maya dəyərindən aşağı salmaq və daha aşağı faizlə kredit satmaq imkanı formalaşacaq.

İnflyasiyaya təsir gözlənilmir

AMB sədri T.Kazımovun sözlərinə görə, hedc sistemi vasitəsi ilə kredit təşkilatlarının cəlb edə biləcəyi vəsaitin məbləği 600 milyon ABŞ dolları ətrafında olacaq. Bankların bu sistemlə bağlı xərcləri təxminən 18 milyon ABŞ dolları ola bilər ki, bu da bank sektoru və AMB üçün elə də böyük məbləğ deyil. “Kreditlərin və bankların bu alət üçün xərclərinin artması inflyasiyaya təsir göstərə bilərmi” sualına gəldikdə, iqtisadçı-ekspert E.Sadıqov düşünür ki, yeniliyin inflyasiyaya qəti təsiri olmayacaq. O bildirir ki, 500-600 milyon ABŞ dolları vəsaitin inflyasiyaya təsiri minimum hesablanmalıdır. Ekspert hesab edir ki, yenilik biznes kreditlərinin artmasına gətirib çıxara, ölkədə məşğulluğa müsbət təsir göstərə və nəticədə pul dövriyyəsində artıma və iqtisadi inkişafa təkan verə bilər. Belə olan halda həmin cuzi inflyasiya təzyiqi də ortadan qalxmış olacaq.

Ölkəmizin xaricdən valyuta cəlb etməsinin tədiyyə balansı üçün çox önəmli olduğunu vurğulayan E.Sadıqov biznes kreditlərinin artmasıını da çox vacib hesab edir.

Yeni alətin riskli tərəfi varmı?

İqtisadçı E.Sadıqov hesab edir ki, yeni alət üstünlükləri ilə diqqət çəkir, amma bəzi nünaslar da düşünmək üçün suallar ortaya çıxarır. Belə ki, Mərkəzi Bank vəsaiti bir il müddətinə sığortalayır, bəs bir neçə ildən sonra devalvasiya baş verərsə, yəni hedcinq bitdikdən sonra bu baş verərsə, o zaman nə olacaq? Ekspertin fikirlərinə əsasən, maliyyə təşkilatlarını maraqlandıran ən ciddi sual budur. Çünki biznes kreditləri uzunmüddətliliyi sevir. Bir il müddətinə vəsait yerləşdirilməsi çətindir. Bununla belə, ekspert xidmət və kənd təsərrüfatı sektorlarını misal göstərir və qeyd edir ki, bu fəaliyyət sahələrində bir ilə qədər kreditləşmə mümkündür.

Daha öncə var idi, amma...

Dövlət tərəfindən müəyyənləşdirilən belə bir mexanizm əvvəl mövcud olmayıb. İqtisadçı X.Kərimli deyir ki, bəzi banklar bunu beynəlxalq bazarlardan təmin edə bilirdilər, ancaq qiymət baxımından heç də sərfəli deyildi. İndiki halda Mərkəzi Bank bunu daha ucuz edəcək. Ekspert ehtimal edir ki, məbləğ 3 faiz ətrafında olacaq. Təbii ki, bu, bazardan asılı olacaq, amma bütün hallarda faiz əvvəlki ilə müqayisədə aşağıdır. Yəni beynəlxalq şirkətlər xidmətə marja əlavə edib satdıqları halda, AMB bunu özü edəcək. Digər tərəfdən, müştərilər də qazanacaqlar, çünki onlar daha ucuz maliyyə resursuna çıxış əldə edə biləcəklər. Sözsüz ki, bankların da burada marjaları olacaq, ancaq məzənnə riski olmadığı üçün daha ucuz kreditlər təklif edə biləcəklər. Bu tip cəlb olunan valyutalar ancaq kiçik və orta sahibkarlara biznes üçün veriləcək. X.Kərimli hesab edir ki, yenilik banklarımızın fondlarla işləmək təcrübəsini artıracaq.

Dünyada sınaqdan keçirilmiş model

Bu model dünyanın bir sıra ölkələrində artıq sınaqdan keçirilib. Türkiyədə tətbiq olunan “Kur Korumalı Mevduat” buna nümunədir. Belə ki, bu modeldə vətəndaşlar əmanətlərini türk lirəsində saxlayır, amma məzənnə artarsa, dövlət aradakı fərqi ödəməyi öz üzərinə götürür. Buna bənzər model Çində də sınaqdan keçirilib. Ekspertlərin fikrincə, ölkəmizdə tətbiq olunacaq hedc əməliyyatları qısamüddətlidir, amma dünya təcrübəsində daha mürəkkəb mexanizmlər var və daha mürəkkəb hedcinq əməliyyatlarına rast gəlinir.

Vergiler.az


Oxşar xəbərlər