"Norm"un sementi sərt, maliyyəsi kövrəkdir – Şirkətin aktivlərində ciddi azalma

Azərbaycanda iri sement istehsalçısı "Norm" ASC 2024-cü ili 59 milyon 757 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 52 milyon 640 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Norm" şirkətinin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 7 milyon 117 min manat və ya 13,5% artıb.
2023-cü ildə "Norm" şirkətinin satışdan cəmi gəliri 226 milyon 1 min manat ikən, 2024-cü ildə 255 milyon 524 min manata yüksəlib (29 milyon 523 min manat və ya 13% artıb).
Ötən il "Norm" şirkətinin 256 milyon 824 min manat cəmi əməliyyat gəlirlərinə qarşı cəmi əməliyyat xərcləri 179 milyon 394 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 77 milyon 430 min manat təşkil edib. Şirkət əməliyyat mənfəətindən 17 milyon 673 min manat mənfəət vergisi ödəyib ki, bu da 2023-cü illə müqayisədə 3 milyon 503 min manat və ya 24,7% çoxdur.
2023-cü ilin sonunda 330,4 milyon manat olan cəmi aktivlər 2024-cü ilin sonunda 280,4 milyon manata enib. Bu, təxminən 50 milyon manat və ya 15%-dən çox azalma deməkdir. Aktivlərin azalması əsasən bölüşdürülməmiş mənfəətin götürülməsi və bununla əlaqədar pul vəsaitlərinin əhəmiyyətli dərəcədə azalması ilə bağlıdır. Bu isə şirkətin likvidlik vəziyyətinin zəiflədiyini, gündəlik əməliyyatların maliyyələşdirilməsi və borcların vaxtında ödənilməsində çətinliklərin yarana biləcəyini göstərir.
“Norm” ASC-nin gəlir göstəriciləri artmasına baxmayaraq pul vəsaitlərinin və aktivlərin azalması şirkətin maliyyə dayanıqlığına dair ciddi suallar doğurur. Bu vəziyyət şirkətin uzunmüddətli inkişaf perspektivlərinə mənfi təsir göstərə, investisiya planlarının həyata keçirilməsini çətinləşdirə bilər.