Almaniya hökuməti kansler Fridrix Merts rəhbərliyi ilə yanacaq qiymətlərinin kəskin artımını yumşaltmaq məqsədilə 1,6 milyard avro dəyərində antikrizis tədbirlər paketi təsdiqləyib.
Bloomberg-in məlumatına görə, bu vəsait Almaniyada istehlakçılar üçün benzinin bahalaşmasının təsirlərini azaltmağa yönəldiləcək.
Əsas dəstək mexanizmi kimi benzinin litr başına verginin müvəqqəti olaraq 17 sent azaldılması nəzərdə tutulur. Bu endirim iki ay müddətində qüvvədə olacaq.
Bundan əlavə, bu il ərzində işəgötürənlər tərəfindən verilən və vergi tutulmayan 1000 avroluq birdəfəlik mükafat da tətbiq ediləcək.
Kansler Merts bildirib ki, qlobal qeyri-müəyyənliklərin yaratdığı təsirləri tam aradan qaldırmaq mümkün deyil və buna görə də tədbirlər məhdud müddətli xarakter daşıyır.
Hökumət hazırda ciddi təzyiq altındadır: bir tərəfdən yanacaq qiymətlərini sabit saxlamaq, digər tərəfdən isə iqtisadi islahatlar və büdcə xərclərinin azaldılması üzrə daha geniş planı razılaşdırmaq tələb olunur.
MONETAR.AZ