Azərbaycan Mərkəzi Bankı ölkə daxilində ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq olunan banklararası komissiya (interçeynç) üzrə yuxarı həddi təsdiqləyib.
Qərar qurumun sədri Taleh Kazımov tərəfindən imzalanıb.
Qərara əsasən, ölkə daxilində kart əməliyyatları üzrə MCC kodlarına (ticarət və xidmət müəssisələrinin təsnifatı) uyğun olaraq maksimum interçeynç dərəcələri müəyyən edilib:
— “Drug Stores and Pharmacies” və “Grocery Stores and Supermarket” kateqoriyaları üçün — əməliyyat məbləğinin 1,25%-dək;
— “Petrol” kateqoriyası üçün — 0,75%-dək;
— “General” kateqoriyası üçün — 1,5%-dək.
Digər MCC kodları üzrə ölkə daxilində banklararası komissiya üçün yuxarı hədd müəyyən edilmir.
Qeyd olunur ki, bu qərar 1 iyundan qüvvəyə minəcək.
İnterçeynç — kartla nağdsız ödənişlər zamanı kartı verən bankla əməliyyatı həyata keçirən bank arasında bölüşdürülən komissiyadır və bu vəsait, o cümlədən, cashback proqramlarının maliyyələşdirilməsində istifadə oluna bilər.