Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiyalar paketi çərçivəsində rusiyalı kontragentlərlə kriptovalyuta əməliyyatlarına tam qadağa tətbiq etməyi təklif edib. Məqsəd Moskvanın məhdudiyyətlərdən yan keçmək üçün ənənəvi bank sistemindən kənarda rəqəmsal aktivlərdən istifadəsinin qarşısını almaqdır. Bu barədə Financial Times qəzetinin tanış olduğu Avropa Komissiyasının sənədində qeyd olunur.
Bu tədbir ayrı-ayrı kriptoservisələrə qarşı ünvanlı sanksiyalara alternativ kimi irəli sürülüb. Brüsseldə hesab edirlər ki, bu cür platformalar sanksiya siyahılarına daxil edildikdən sonra onların bazasında tez bir zamanda yeni “klon” strukturlar yaranır və əməliyyatlar faktiki olaraq davam edir. Avrokomissiyanın qiymətləndirməsinə görə, bu mexanizmlər Rusiyanın Ukrayna ilə hərbi münaqişədə istifadə etdiyi malların ticarətinə dəstək vermək üçün tətbiq olunur.
“Kriptoaktivlərlə bağlı xidmətlər göstərən ayrı-ayrı provayderlərin sanksiya siyahılarına əlavə edilməsi böyük ehtimalla bu məhdudiyyətlərdən yayınmaq üçün yeni strukturların yaradılmasına gətirib çıxaracaq”, – Komissiyanın Aİ ölkələrinin paytaxtlarına göndərilən daxili sənədində deyilir.
“Bu sanksiyaların nəzərdə tutulan effekti verməsini təmin etmək üçün [Aİ] Rusiyada qeydiyyatdan keçmiş kriptoaktivlərlə bağlı hər hansı xidmət provayderi ilə qarşılıqlı əlaqəni, eləcə də kriptoaktivlərin köçürülməsinə və mübadiləsinə imkan verən istənilən platformadan istifadəni qadağan edir”, sənəddə vurğulanır.
Financial Times yazır ki, Komissiyanın təklifi, o cümlədən, 2022-ci ildə “kibercinayətkarlar üçün üstünlük verilən birja kimi fəaliyyət göstərdiyinə” görə ABŞ tərəfindən sanksiyalara məruz qalan və 2025-ci ilin əvvəlində Aİ sanksiyaları altına düşən Rusiya ilə əlaqəli Garantex kriptovalyuta birjasının “varislərinin” ortaya çıxmasının qarşısını almağa yönəlib.
“Görünür, bu təkliflər Rusiya ödəniş platforması A7-yə, eləcə də rubla indeksləşdirilmiş A7A5 steyblkoininə qarşı yönəlib”, nəşr yazır.
Blokçeyn analitikası şirkəti Elliptic-in məlumatlarına görə, rubl steyblkoini A7A5 üzrə tranzaksiyaların ümumi həcmi ötən ay 100 milyard ABŞ dollarını ötüb, deyə FT xatırladır.
MONETAR.AZ