"Bloomberg"in administrasiya rəhbəri Con Liyə istinadən verdiyi məlumata görə, Honkonq ilk beşillik inkişaf planı çərçivəsində ofşor yuanın istifadəsini genişləndirməyi və materik Çin ilə sərhədlərarası investisiya əlaqələrini dərinləşdirməyi planlaşdırır.
Şəhər hakimiyyəti Honkonqun beynəlxalq maliyyə mərkəzi və Çin yuanının əsas ofşor habı kimi mövqeyini möhkəmləndirməyi, həmçinin ofşor yuanla bağlı investisiya məhsulları və risklərin idarə edilməsi alətlərinin çeşidini genişləndirməyi nəzərdə tutur.
Plan çərçivəsində "Stock Connect", "Bond Connect" və "Wealth Management Connect" proqramları vasitəsilə Honkonq və materik Çin maliyyə bazarları arasında qarşılıqlı çıxış imkanlarının artırılması da prioritet istiqamətlərdən biri olacaq.
Con Li cümə günü Honkonq Banklar Assosiasiyasının tədbirində bildirib ki, əmtəə ticarətinin inkişafı və innovasiya ilə texnologiya sektorunun dəstəklənməsi üçün maliyyə bazarlarından daha səmərəli istifadə edilməsi də hökumətin əsas hədəfləri sırasındadır.
Beşillik planda Honkonqun materik Çin ilə sərhədi yaxınlığında həyata keçirilən iri inkişaf layihəsi – "Şimal metropoliyası" (Northern Metropolis) xüsusi yer tutur. Layihənin universitet şəhərciklərini texnologiya və sənaye zonaları, eləcə də yaşayış və kommersiya məkanları ilə inteqrasiya edəcəyi gözlənilir.
Con Linin sentyabrın 16-da Qanunvericilik Şurasında proqram xarakterli çıxışı zamanı beşillik planı rəsmi şəkildə təqdim edəcəyi gözlənilir.
Yeni strategiya Honkonqun iqtisadi prioritetlərini materik Çinin 15-ci beşillik inkişaf planı ilə daha sıx uzlaşdırmağa xidmət edir. Rəsmilər şəhərin iqtisadi modelini "dövlət rəhbərliyi altında bazar yönümlü" yanaşma kimi xarakterizə edirlər.
Maliyyə tənzimləyiciləri də süni intellektin maliyyə sektorunda daha geniş tətbiqinə hazırlaşırlar. Qiymətli Kağızlar və Fyuçerslər Komissiyasının rəhbəri Culiya Lyan bildirib ki, qurum Sİ texnologiyalarının yaratdığı risklərin və imkanların effektiv idarə olunmasına xüsusi diqqət ayıracaq.
Komissiya, həmçinin Honkonqun materik Çin bazarlarına çıxış əldə etmək istəyən beynəlxalq investorlar üçün əsas maliyyə qapısı rolunu daha da gücləndirməyi və ofşor yuanın beynəlxalq istifadəsini genişləndirməyi davam etdirəcək.
MONETAR.AZ