İpoteka götürənlər ayda orta hesabla 489 manat ödəyir

İpoteka götürənlər ayda orta hesabla

Azərbaycanda banklar tərəfindən 2026-cı ilin yanvar-sentyabr aylarında 107,8 milyon manatlıq ipoteka krediti verilib.

Monetar.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın ipoteka kreditləri ilə bağlı statistik məlumatlarında qeyd olunub.

Məlumata görə, 2026-cı ilin sentyabr ayına banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi 107,8 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 49,7 milyon manat olub.

Hesabat dövründə İpoteka və Kredit Zəmanət Fondunun yenidən maliyyələşdirdiyi ipoteka kreditlərinin həcmi 34,2 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövründə bu rəqəm 20,5 milyon manat olub.

2026-cı ilin sentyabrına Fondun yerləşdirdiyi istiqrazların həcmi 100 milyon manat təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 150 milyon manat olub.

Statistikaya əsasən, 2026-cı ilin sentyabrında banklar tərəfindən verilən ipoteka kreditinin orta məbləği 68 412,5 manat, kreditin orta müddəti 281,3 ay, orta faiz dərəcəsi 6,39 faiz, orta aylıq ödəniş isə 489,3 manat təşkil edib.

2025-ci ilin sentyabrında isə ipoteka kreditinin orta məbləği 65 655,5 manat, müddəti 280,9 ay, faiz dərəcəsi 6,38 faiz, aylıq ödəniş isə 468,7 manat olub.

Beləliklə, 2026-cı ilin sentyabrında orta ipoteka kreditinin məbləği illik müqayisədə 2 757 manat, orta aylıq ödəniş isə 20,6 manat artıb.