Nazirlik əməkdaşları üçün məlumat savadlılığı və analitik düşüncə təlimi keçirilib

Nazirlik əməkdaşları üçün məlumat savadlılığı və analitik düşüncə

28 oktyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Zeynal Cabarov tərəfindən Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “Məlumat savadlılığı və analitik düşüncə” mövzusunda təlim keçirilib.

Təlim çərçivəsində iştirakçılara məlumat savadlılığının mahiyyəti və əhəmiyyəti, məlumatların axtarılması və mənbələrin etibarlılığının qiymətləndirilməsi, fakt, fikir və fərziyyə arasındakı fərqlər, yanlış məlumat və dezinformasiya, eləcə də manipulyasiya üsulları barədə məlumat verilib.

Bununla yanaşı, tənqidi və analitik düşüncənin əsas prinsipləri, problemlərin kök səbəblərinin müəyyənləşdirilməsi, koqnitiv qərəzlər, məlumatlara əsaslanan qərarvermə, rəqəmsal mühitdə və süni intellekt vasitəsilə yaradılan məlumatların yoxlanılması məsələləri nəzəri və praktiki aspektlərdən izah olunub.

İnteraktiv formatda təşkil olunan təlim zamanı iştirakçılar real həyat situasiyalarına yaxın praktiki tapşırıqlar üzərində qruplarla işləyiblər. Onlar məlumatların etibarlılığını qiymətləndirib, ziddiyyətli məlumatları müqayisə edib, alternativ izahlar irəli sürüb və əsaslandırılmış nəticələrini təqdim ediblər.

Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.