Taksi fəaliyyəti ilə məşğul olmaq və müvafiq şəhadətnamə əldə etmək istəyən sürücülər dekabrın 3-də imtahan verəcəklər. Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq proqramını keçmiş namizədlər üçün növbəti test imtahanı təşkil edəcək.
DİM-in məlumatına görə, imtahanda iştirak etmək istəyən şəxslər barədə məlumatlar müvafiq qurumlar tərəfindən Mərkəzə təqdim olunub. Namizədlər qeydiyyat prosesini noyabrın 19-u saat 18:00-dək tamamlamalıdırlar.
İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər şəxsi kabinetlərindəki pul hesabına 35 manat vəsait əlavə etməlidirlər. Qeydiyyatdan keçdiyi halda imtahanda iştirak etməyən şəxslərə ödənilmiş məbləğ geri qaytarılmır.
Test imtahanı Bakıda DİM-in elektron imtahanlar korpusu, Naçıvan şəhər 4 saylı orta məktəb və Gəncə şəhər Vaqif Əliyev adına 12 saylı orta məktəb keçiriləcəkdir. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" xidməti vasitəsilə əldə edə biləcəklər.
İmtahanın müddəti bir saat müəyyən edilib. Namizədlərə sürücülərin etik davranış qaydaları, eləcə də avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar üzrə ümumilikdə 20 test tapşırığı təqdim olunacaq.
Suallar Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlıq proqramını əhatə edir. Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar isə toplanmış balların azalmasına səbəb olmur.
İmtahanda 10 və daha çox bal toplayan namizədlər uğur qazanmış hesab ediləcəklər. Bu şəxslərə yeddi il müddətində qüvvədə olan müvafiq şəhadətnamə veriləcək.
Taksi sürücüsü kimi fəaliyyət göstərmək üçün şəhadətnamə almaq istəyən namizədlər qeydiyyat müddətini, imtahan ödənişini və tələb olunan keçid balını nəzərə almalıdırlar.