Dünyada inflyasiya ilə bağlı narahatlıq 2023-cü illə müqayisədə azalıb, lakin istehlakçıların gündəmindəki əsas problemlərdən biri olaraq qalır. ABŞ, Almaniya, İtaliya və Böyük Britaniyada göstəricilər əvvəlki pik səviyyədən aşağı düşsə də, pandemiyadan əvvəlki dövrlə müqayisədə yüksəkdir.
Monetar.az xəbər verir ki, “Statista”nın araşdırmasına əsasən, 2023-cü ildə Böyük Britaniyada respondentlərin 63%-i, Almaniyada 56%-i, İtaliyada 53%-i, ABŞ-da isə 52%-i inflyasiyanı ölkələrinin əsas problemlərindən biri hesab edib.
2026-cı ildə bu ölkələrdə inflyasiyadan narahat olanların payı təxminən 41-57% intervalında dəyişib. Halbuki 2020-ci ildə həmin göstərici 27-35% arasında olub.
Araşdırmaya görə, inflyasiya narahatlığının azalması bütün ölkələrdə eyni səviyyədə baş verməyib. Argentina və Braziliya kimi əvvəllər yüksək inflyasiya ilə üzləşmiş ölkələrdə narahatlıq əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Əksinə, uzun müddət inflyasiyanın təsirini nisbətən az hiss edən Yaponiyada bu problemə diqqət artıb.
Avstraliyada da inflyasiya ilə bağlı narahatlıq yüksək olaraq qalır. 2026-cı ildə göstərici 2023-cü illə müqayisədə cəmi 4 faiz bəndi azalıb.
“Statista”nın qiymətləndirməsinə görə, Hindistan və Çin qlobal enerji böhranının təsirini nisbətən az hiss edən ölkələr sırasındadır. Bu, qismən həmin ölkələrin sanksiyalar altında olan Rusiyadan endirimli qiymətlərlə neft alması ilə əlaqələndirilir.
Qeyd edək ki, qlobal inflyasiya təzyiqləri 2021-ci ildə pandemiya dövründə təchizat zəncirlərində yaranan problemlər fonunda güclənib. 2022-2023-cü illərdə isə Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli enerji böhranı qiymət artımını daha da sürətləndirib. Sonrakı dövrdə ABŞ-ın tarif siyasəti, əmək bazarındakı gərginlik və İran münaqişəsi də inflyasiya risklərini gündəmdə saxlayıb.