Moldova Ukrayna taxılının idxalına məhdudiyyətləri ilin sonunadək uzatdı

Moldova Ukrayna taxılının idxalına məhdudiyyətləri

Moldova Ukraynadan taxıl və yağlı bitkilərin idxalına tətbiq edilən məhdudiyyətləri 2026-cı ilin sonunadək uzadıb. Qərar yerli fermerlərin ucuz Ukrayna taxılının bazara təsirindən narahatlığı və etirazları fonunda qəbul edilib.

Monetar.az xəbər verir ki, Moldova parlamenti müvafiq qanun layihəsini iki oxunuşda qəbul edib.

Yeni qaydalara əsasən, idxal üçün xüsusi icazələr hökumət yanında yaradılan komissiya tərəfindən veriləcək. Bu icazələri heyvandarlıq, bitki yağları və piylərin, un məhsullarının, eləcə də heyvan yemlərinin istehsalı ilə məşğul olan müəssisələr ala biləcək.

Son üç ildə Moldovanın ümumi idxalında payı 10%-dən çox olmayan ölkələrdən tədarüklər isə məhdudiyyətlərdən istisna ediləcək. Kənd təsərrüfatı nazirliyinin təklifi ilə hökumət xüsusi rejimin müddətini 12 ayadək uzatmaq hüququna da malik olacaq.

Məhdudiyyətlərin uzadılmasını fermerlərin “Fermer Gücü” assosiasiyası tələb edib. Yerli istehsalçılar Odessa limanı vasitəsilə ixracın məhdudlaşması nəticəsində Ukrayna taxılının qiymətinin düşə biləcəyindən və ucuz məhsulun Moldova bazarına axınından ehtiyat edirlər.

Fermerlər həmçinin Ukrayna məhsullarının Moldova istehsalı adı altında Avropa İttifaqı ölkələrinə göndərilə biləcəyini düşünürlər. Assosiasiya məhdudiyyətlərin oktyabrın 31-də başa çatacağı təqdirdə etiraz aksiyalarını bərpa edəcəyi barədə xəbərdarlıq edib. Oktyabrın 29-da ölkənin bir sıra bölgələrində fermerlər etiraz aksiyaları keçiriblər.

Moldova 2024–2025-ci illərdə də taxıl və yağlı bitkilərin idxalına lisenziyalaşdırma tətbiq edib. Bu mexanizm 2026-cı ildə sentyabr və oktyabr aylarında da qüvvədə olub.