Rusiya bağlanmış müqavilələr çərçivəsində Afrika ölkələrinə nəzərdə tutulan bütün taxıl həcmini Qara dəniz marşrutundan yan keçməklə, alternativ nəqliyyat yolları vasitəsilə çatdırmağa hazırdır. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Georgi Borisenko “İnterfaks” agentliyinə açıqlamasında bildirib.
Nazir müavininin sözlərinə görə, Rusiya taxıl tədarüklərini davam etdirir, Qara dəniz istiqamətində daşımaların azalması isə Moskvanın fəaliyyəti ilə bağlı deyil.
“Biz müqavilələr üzrə nəzərdə tutulan bütün həcmi digər marşrutlarla çatdırmağa hazırıq. Ümid edirik ki, Ukrayna Qara dənizdə nəqliyyat əlaqələrini pozmağa yönəlmiş hərəkətlərini dayandıracaq və bundan sonra həmin marşrut üzrə tədarüklər də bərpa olunacaq”, – deyə Borisenko qeyd edib.
Onun sözlərinə görə, alternativ marşrutlar, xüsusilə Baltik dənizi vasitəsilə daşımalar tam gücü ilə istifadə olunur.
Georgi Borisenko həmçinin “Qərb düşmənləri”nin Rusiyanın taxıl tədarüklərinə mane olmağa çalışdıqlarını iddia edib. Bununla belə, diplomat yaranan maneələrin aradan qaldırılacağına əminliyini ifadə edib.
“Biz afrikalı tərəfdaşlarımızın taxıla və digər kənd təsərrüfatı məhsullarına olan tələbatını maksimum dərəcədə ödəməyə hazırıq”, – deyə Rusiya XİN rəhbərinin müavini bildirib.
MONETAR.AZ