Köhnə dizel avtobusları gələn il tamamilə yenilənəcək

Köhnə dizel avtobusları gələn il

Azərbaycanda iqlim dəyişiklikləri ilə mübarizə və aşağıkarbonlu iqtisadiyyata keçid əsas prioritetlər sırasındadır. Bu çərçivədə nəqliyyat sektorunda karbon emissiyalarının azaldılması və köhnə dizel avtobuslarının yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu barədə “Milli səviyyədə müəyyən edilmiş töhfələrin Azərbaycanda icrasının sürətləndirilməsi: Dayanıqlı inkişaf üçün enerji sektorunun dekarbonizasiyasının təşviqi” mövzusunda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda bildirib.

Nazir müavininin sözlərinə görə, nəqliyyat sektoru karbon emissiyalarının azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Dünya üzrə karbon emissiyalarında nəqliyyatın payı təxminən 15 faiz olduğu halda, Azərbaycanda bu göstərici 13 faiz civarındadır.

Rəhman Hümmətov qeyd edib ki, hazırda Bakı şəhərində təxminən 2 600 avtobus fəaliyyət göstərir. Növbəti illər üçün əsas hədəflərdən biri əvvəlki dövrlərdən qalan və müasir tələblərə cavab verməyən dizel avtobuslarının istismardan çıxarılmasıdır.

Onun bildirdiyinə görə, ilin sonunadək belə avtobusların sayının təxminən 500-ə enəcəyi gözlənilir. Gələn il isə onların tamamilə yeni avtobuslarla əvəzlənməsi hədəflənir.

Bu tədbirlər nəqliyyat sektorunda emissiyaların azaldılması və aşağıkarbonlu iqtisadiyyata keçid istiqamətində həyata keçirilən işlərin bir hissəsidir.