Paytaxtın Mehdiabad qəsəbəsində 28 May və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məhdudiyyət səbəbindən 147 və 179 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib.
Təmir işləri başa çatanadək 147 nömrəli marşrutun avtobusları metronun “Azadlıq” stansiyası istiqamətində Mehdiabad qəsəbəsinin mərkəzinə daxil olmadan Digah qəsəbəsinin Zəlimxan Yaqub və Mehdiabad qəsəbəsinin 28 May küçələri ilə hərəkət edəcək.
179 nömrəli marşrutun hərəkəti isə Mehdiabad qəsəbəsinin Fazil İsmayılov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və 28 May küçələri üzrə təşkil edilib.
Dəyişikliklər təmir işləri yekunlaşanadək qüvvədə olacaq.