17 torpaq sahəsi hərraca çıxarılır: ilkin qiymətlər 55 manatdan başlayır

17 torpaq sahəsi hərraca çıxarılır:

Bu gün Azərbaycanda bələdiyyələrə məxsus 17 torpaq sahəsi hərraca çıxarılacaq. Torpaqlar fərdi yaşayış evlərinin tikintisi, sahibkarlıq və kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulub. Satışa çıxarılan sahələrin ilkin qiymətləri 55 manatdan 8 min manata qədər dəyişir.

Monetar.az xəbər verir ki, torpaq müsabiqə və hərracları saat 15:00-da keçiriləcək. Hərraca çıxarılan torpaqlar Siyəzən, Samux, Ağdaş, Lənkəran, Şabran, Xaçmaz, İmişli və Ağsu rayonlarını əhatə edir.

Torpaqlardan üçü fərdi yaşayış evi tikintisi üçün Xaçmaz rayonunun Nərəcan kəndində satışa çıxarılıb. Sahələri 843, 900 və 1 000 kvadratmetr olan bu torpaqların ilkin qiymətləri müvafiq olaraq 6 744 manat, 7 200 manat və 8 000 manatdır. Siyəzən rayonunun Toğan kəndində isə 1 000 kvadratmetr torpaq sahəsinin ilkin qiyməti 6 000 manat müəyyən edilib.

Sahibkarlıq fəaliyyəti üçün Lənkəran rayonunun Veravul kəndində 24 kvadratmetr torpaq sahəsi 1 200 manata, Ağsu şəhərində isə 150 kvadratmetr torpaq sahəsi 15 illik icarəyə verilmək üçün 2 239,50 manata təklif olunur.

Kənd təsərrüfatı təyinatlı torpaqların bir hissəsi 10–20 il müddətinə icarəyə veriləcək. Bu sahələr əkinçilik və heyvandarlıq məqsədləri üçün nəzərdə tutulub. İcarəyə təklif olunan torpaqlar arasında İmişli rayonunun Gövhərli kəndində 34,18 hektar örüş sahəsi də var. Onun bir illik icarə haqqı 9 741,30 manatdır.

Torpaq sahələri üzrə ilkin qiymət və illik icarə haqları fərqlənir. Məsələn, Xaçmaz rayonunun İstisu bələdiyyəsinə məxsus 2 500 kvadratmetr sahənin bir illik icarə haqqı 55 manat, Şabran rayonunun Rəhimli bələdiyyəsinin Padar kəndindəki 1 hektar əkin sahəsinin illik icarə haqqı isə 100 manatdır.

Hərraclar Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi şöbələrində keçiriləcək.