Bu gün MİDA-nın mülkiyyətində olan 14 lot üzrə qeyri-yaşayış sahələri və zirzəmilər hərraca çıxarılacaq. Lotların ilkin satış qiymətləri ümumilikdə təxminən 19,3 milyon manat təşkil edir.
Monetar.az xəbər verir ki, hərraca çıxarılan əmlaklar Yasamal və Hövsan yaşayış komplekslərində yerləşir. Onların 8-i Yasamal, 6-sı isə Hövsan Yaşayış Kompleksinin payına düşür.
Yasamal Yaşayış Kompleksindəki əmlakların lot üzrə ilkin qiymətləri 1,54 milyon manatdan 1,92 milyon manatadək dəyişir. Ən yüksək ilkin qiymət kompleksin birinci mərhələsində yerləşən 7 saylı binadakı qeyri-yaşayış sahəsi və zirzəmidən ibarət lot üçün müəyyən edilib. Həmin lotun ilkin qiyməti 1 milyon 916 min 320 manatdır.
Hövsan Yaşayış Kompleksində isə lotların ilkin qiymətləri təxminən 1,06 milyon manatdan 1,23 milyon manatadək dəyişir. Ən yüksək qiymət 31 və 38 saylı binalarda yerləşən əmlaklar üçün müəyyən edilib. Hər iki lotun ilkin satış qiyməti 1 milyon 226 min 739 manatdır.
Hərrac oktyabrın 29-da saat 10:00-da Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.