Dünyanın müxtəlif ölkələrində əhalinin ərzağa ayırdığı xərclərin ümumi istehlak büdcəsindəki payı kəskin fərqlənir. Bəzi ölkələrdə bu göstərici 50%-i ötür, ABŞ və Sinqapur kimi ölkələrdə isə 6% səviyyəsindədir. Fərqlər əsasən gəlir səviyyəsi və istehlak strukturundakı dəyişikliklərlə əlaqələndirilir.
Monetar.az ABŞ Kənd Təsərrüfatı Nazirliyinin İqtisadi Tədqiqatlar Xidmətinin 2025-ci il məlumatları əsasında 103 ölkədə ərzaq xərclərinin ümumi istehlak xərclərindəki payını müqayisə edib.
Araşdırmaya əsasən, Nigeriya 56,2%-lə ilk sırada qərarlaşıb. Myanmada bu göstərici 54,8%, Laosda 53,9%, Keniyada 48,7%, Türkmənistanda isə 46,3% təşkil edib.
İlk onluqda Tanzaniya (45,8%), Özbəkistan (44,8%), Kot-d’İvuar (42,8%), Kamerun (42,8%) və Qazaxıstan (41,7%) da yer alıb.
Digər ölkələrdə də göstərici yüksəkdir. Ukraynada ərzaq xərclərinin istehlak büdcəsindəki payı 41,6%, Əlcəzairdə 41,5%, Qvatemalada 40,6%, Efiopiyada 39,2%, Qanada isə 38,7% olub.
Əksinə, ABŞ və Sinqapurda ərzağın istehlak xərclərindəki payı təxminən 6% təşkil edir. Afrikada da ciddi fərq müşahidə olunur: Nigeriyada göstərici 56,2%, Cənubi Afrikada isə 17% səviyyəsindədir.
İqtisadiyyatda Engel qanunu kimi tanınan prinsipə görə, gəlirlər artdıqca ərzağa çəkilən xərclərin ümumi istehlak büdcəsindəki payı, ərzağa xərclənən məbləğ artsa belə, adətən azalır.
Bununla belə, ərzağa ayrılan payın aşağı olması məhsulların mütləq daha ucuz olduğu demək deyil. Göstərici ərzağa xərclənən məbləği deyil, onun ümumi istehlak xərclərindəki xüsusi çəkisini əks etdirir.
Ərzaq qiymətlərinin artması isə gəlirlərinin böyük hissəsini qidaya sərf edən ailələr üçün daha ciddi maliyyə təzyiqi yarada bilər.
Qeyd edək ki, araşdırmada evdə istehlak üçün alınan ərzaq məhsulları nəzərə alınıb. Restoran xərcləri, alkoqollu içkilər və tütün məhsulları hesablamaya daxil edilməyib.