Avropada təbii qazın qiyməti meqavat-saat üçün 100 avroya yaxınlaşaraq 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb. Qarşıdan gələn istilik mövsümü, qaz anbarlarındakı ehtiyatların azalması və geosiyasi risklərin artması qiymətlərə təzyiq göstərir.
Monetar.az xəbər verir ki, Avropa İttifaqının qaz anbarları 75%-dən az doludur. Halbuki son beş ilin eyni dövrü üzrə orta göstərici təxminən 86% təşkil edib.
Hazırda Avropanın qaz anbarlarında təxminən 849 teravatt-saat qaz ehtiyatı var. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 100 teravatt-saat azdır. Ehtiyatların artırılması üçün əlavə qaz idxalına ehtiyac yaranır.
Ölkələr üzrə göstəricilər də fərqlənir. Almaniyanın qaz anbarları 61,65%, Niderlandın anbarları isə 65,53% doludur. Fransada bu göstərici 87,34%, İtaliyada isə 90,77% təşkil edir.
Avropanın bəzi bölgələrində və Asiyada havaların daha soyuq keçəcəyi ilə bağlı proqnozlar da qaz tələbatının artacağı ehtimalını gücləndirir. Bu isə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü uğrunda rəqabəti gücləndirə bilər.
Bundan başqa, ABŞ-ın Fars körfəzi ölkələrinə aralıq seçkilərdən sonra qısamüddətli, lakin intensiv hərbi əməliyyata hazır olmaları barədə xəbərdarlıq etdiyi ilə bağlı məlumatlar təchizat risklərini artırıb.
Beləliklə, qaz ehtiyatlarının əvvəlki illərlə müqayisədə aşağı olması, qış mövsümü ərəfəsində tələbatın yüksəlməsi və geosiyasi gərginlik Avropada enerji qiymətlərinin artmasına səbəb olan əsas amillər kimi çıxış edir.