Yaponiya Rusiyanın neft-qaz layihələrindəki paylarını saxlayacaq

Yaponiya Rusiyanın neft-qaz layihələrindəki

Yaponiya enerji təhlükəsizliyini təmin etmək məqsədilə Rusiyanın “Saxalin-1” və “Saxalin-2” neft-qaz layihələrində iştirak paylarını qoruyub saxlamağı planlaşdırır. Bu barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin hazırladığı və Nazirlər Kabinetinin qəbul etdiyi illik “Energetika üzrə Ağ Kitab” məruzəsində bildirilib.

Sənəddə qeyd olunur ki, bu layihələr Yaponiyanın orta və uzunmüddətli dövrdə sabit enerji təchizatının təmin olunmasında mühüm rol oynayır.

2026-cı il martın 31-də başa çatan 2025-ci maliyyə ilində Rusiya Yaponiyanın mayeləşdirilmiş təbii qaz (LNG) idxalının 8,6%-ni təmin edib. Bununla Rusiya Avstraliya və Malayziyadan sonra Yaponiyanın LNG tədarükçüləri arasında üçüncü yeri tutub.

Həmin dövrdə Yaponiyanın ümumi LNG idxalı təxminən 65,24 milyon ton təşkil edib. İdxalda Avstraliyanın payı 40,8%, Malayziyanın payı isə 14,1% olub.

Yaponiya üçün Saxalin layihələrinin əsas üstünlüklərindən biri coğrafi yaxınlıqdır. Saxalin adasından tədarüklər Yaxın Şərqdən daşınmalarla müqayisədə daha qısa müddətdə həyata keçirilir. Bundan əlavə, bu marşrut Hürmüz boğazı kimi strateji dəniz keçidlərindən asılı deyil.

Hazırda “Saxalin-1” layihəsi çərçivəsində Yaponiyanın neft alışları həyata keçirilmir və diqqət əsasən qaz tədarükünə yönəlib.

Yaponiya Xarici İşlər Nazirliyinin 2026-cı il üzrə “Mavi Kitab” məruzəsində də ölkənin Saxalin layihələrindəki iştirak paylarını saxlamaq niyyəti təsdiqlənir.

Layihələrdə Yaponiya şirkətlərinin payları belədir:

  • “Saxalin-1”: Yaponiya konsorsiumu SODECO layihədə 30% paya malikdir.

  • “Saxalin-2”: “Mitsui” şirkətinin payı 12,5%, “Mitsubishi” şirkətinin payı isə 10% təşkil edir.

“Saxalin-2” layihəsinin istehsal göstəriciləri də diqqət çəkir. 2025-ci ildə zavodun layihə gücü 9,6 milyon ton olduğu halda, 10,3 milyon ton LNG istehsal edilib.

Yaponiya eyni zamanda G7 tərəfdaşları ilə koordinasiyalı şəkildə Rusiyaya qarşı sanksiya siyasətini davam etdirmək və neft, kömür kimi digər enerji resurslarından asılılığı tədricən azaltmaq niyyətindədir.

Yaponiyanın Baş naziri Sanae Takaiti daha əvvəl də ölkənin enerji təhlükəsizliyi baxımından “Saxalin-2” layihəsindən çıxaraq Rusiya LNG-sindən tamamilə imtina etmək imkanlarının məhdud olduğunu bildirib.

Yaxın Şərqdəki münaqişə və qlobal enerji təchizatında yaranan risklər fonunda Saxalin layihələri Yaponiya üçün alternativ tədarük mənbəyi kimi əhəmiyyətini qoruyur. Qısa nəqliyyat marşrutu və strateji dəniz keçidlərindən asılılığın olmaması bu layihələrin ölkənin enerji təchizatında rolunu artıran amillər sırasındadır.

MONETAR.AZ