ABŞ-ın Strateji Neft Ehtiyatı ötən həftə 282,6 milyon barelə enərək son 44 ilin ən aşağı səviyyəsinə düşüb.
ABŞ Energetika Nazirliyinin açıqladığı məlumatlara görə, ehtiyatların azalması strateji anbarlardan ümumilikdə 172 milyon barel neftin çıxarılması ilə bağlı öhdəliklərlə əlaqədardır.
Ötən həftə ABŞ Energetika Nazirliyi Strateji Neft Ehtiyatından 400 min barelə qədər xam neftin fövqəladə mübadiləsini təsdiqləyib.
Qərarın məqsədi «Phillips 66» şirkətinin Luiziana ştatında yerləşən «Lake Charles» neft emalı zavodunda tədarük zəncirində yaranan fasilələri və çətinlikləri kompensasiya etməkdir.
Belə mübadilələr çərçivəsində ehtiyatdan götürülən neft sonradan geri qaytarılmaq şərti ilə təqdim edilir. Bu mexanizm tədarükdə yaranan müvəqqəti problemlərin aradan qaldırılmasına yönəlib.
MONETAR.AZ