ABŞ və Avropada dizel yanacağının qiyməti yenidən artmağa başlayıb. ABŞ-də qiymətlər sentyabrın sonundakı rekord səviyyələrə yaxınlaşdığı halda, Avropanın bəzi ölkələrində həmin göstəricilər artıq ötülüb. Buna qlobal neft qiymətlərinin artması və dizel təklifinin məhdud olması təsir göstərir.
Monetar.az xəbər verir ki, oktyabrın ortalarında dizelin qiymətində müşahidə olunan azalma uzunmüddətli olmayıb. Buna Rusiyadan dizel ixracının bərpası və ABŞ-nin bu tədarüklərlə bağlı sanksiyaları aradan qaldırması barədə xəbərlər təsir edib. Lakin sonradan qlobal bazardakı vəziyyət qiymətlərin yenidən yüksəlməsinə səbəb olub.
Avropada dizelin bir litri Danimarka və Norveçdə 3 dollardan baha satılır. Almaniya və İtaliyada qiymət təxminən 2,5 dollar, Fransa və Böyük Britaniyada 2,6 dollar, Finlandiyada isə 2,8 dollar təşkil edir. Dizelin litri 2 dollardan aşağı qiymətə yalnız Andorra, Şimali Makedoniya və Maltadakı yanacaqdoldurma məntəqələrində təklif olunur.
ABŞ-də isə dizelin bir qallonu orta hesabla 6,28 dollara, yəni litri təxminən 1,66 dollara satılır. Ölkənin qərb sahillərində qiymət qallona görə 7,4 dollara, Kaliforniyada isə 8,24 dollara (litri təxminən 2,17 dollar) çatıb.
Milli Enerji Təhlükəsizliyi Fondunun rəhbəri Konstantin Simonovun sözlərinə görə, Rusiyanın oktyabr və noyabr aylarında dünya bazarına çıxarmağı planlaşdırdığı müvafiq olaraq 300 min və 500 min ton dizel yanacağı qlobal qiymət dinamikasına ciddi təsir göstərmək üçün kifayət etməyə bilər.
Beləliklə, ABŞ-də dizel qiymətlərinin yüksək qalması yalnız ölkənin neft hasilatı və emal gücü ilə izah olunmur. Qlobal bazarda təklifin vəziyyəti, neft qiymətləri və yanacaq tədarükündəki dəyişikliklər də qiymətlərə təsir göstərir.