Kommunal xərcləri azaltmaq üçün evlərdə nələr dəyişəcək?

 Kommunal xərcləri azaltmaq üçün

Azərbaycanda 2035-ci ilədək yaşayış və kommersiya binalarında enerji istehlakının azaldılması, təbii qazla işləyən avadanlıqların elektrik sistemləri ilə əvəzlənməsi və enerji səmərəliliyinin artırılması nəzərdə tutulur.

Monetar.az xəbər verir ki, bu tədbirlər “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nda əksini tapıb.

Sənədə əsasən, mövcud yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid, yeni tikililərdə isə bu avadanlıqların quraşdırılması ilə bağlı qaydaların müəyyən edilməsi planlaşdırılır. Eyni zamanda, yaşayış binalarında elektrik sobalarından istifadənin təşviqi və onların bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisi ilə işlədilməsinin dəstəklənməsi nəzərdə tutulur.

Strategiyada binaların istilik izolyasiyasının yaxşılaşdırılması da əsas tədbirlər sırasındadır. Mövcud yaşayış və kommersiya binalarının kifayət qədər izolyasiya edilməsi, yeni tikililər üçün daha yüksək izolyasiya standartlarının müəyyənləşdirilməsi və bu istiqamətdə təşviqlərin tətbiqi planlaşdırılır.

Bundan başqa, ənənəvi işıqlandırmanın LED lampalarla əvəzlənməsi, yeni tikililərdə LED işıqlandırma qaydalarının müəyyən edilməsi, eləcə də enerjiyə qənaət edən məişət cihazlarından istifadənin genişləndirilməsi nəzərdə tutulur.

Sənəddə yüksək enerji səmərəliliyinə malik kondisioner sistemlərinin tətbiqinə də xüsusi diqqət ayrılıb. Mövcud binalarda səmərəli kondisionerlərdən istifadənin təşviqi, yeni tikililər üçün enerji səmərəliliyi tələblərinin müəyyən edilməsi və köhnə cihazların daha qənaətcil modellərlə əvəzlənməsi planlaşdırılır.

Qeyd edək ki, nəzərdə tutulan tədbirlər kommunal xərclərin azaldılmasına, enerji istehlakının optimallaşdırılmasına və istixana qazı emissiyalarının aşağı salınmasına yönəlib.