Azərbaycanda 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin ediləcək.
Monetar.az xəbər verir ki, bu hədəf “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.
Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi, yeni binalarda elektrik istilik nasoslarının quraşdırılması ilə bağlı qaydaların müəyyən edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, istilik nasoslarının işlədilməsi üçün bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisindən istifadənin dəstəklənməsi, eləcə də şəhər və kənd yerlərində bu avadanlıqların quraşdırılmasının təşviqi planlaşdırılır.
Strategiyada daha uzunmüddətli hədəf də müəyyənləşdirilib. Belə ki, 2060-cı ilədək bütün binalarda elektrik istilik nasoslarının payının 100 faizə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, elektrik istilik nasosları istiliyin bir mühitdən digərinə ötürülməsi prinsipi ilə işləyir. Bu texnologiyanın geniş tətbiqi binaların istilik təchizatında təbii qazdan istifadənin azaldılmasına yönəlib.