Dünya neft ehtiyatlarının 68 faizi 2 regionun payına düşür

Dünya neft ehtiyatlarının 68 faizi

Dünyanın təsdiqlənmiş neft ehtiyatlarının təxminən 68%-i Yaxın Şərqdə, Mərkəzi və Cənubi Amerikada yerləşir. Monetar.az -ın “World Energy Review 2026” hesabatına əsasən hazırladığı təhlildə dünya neft ehtiyatları regionlar üzrə müqayisə edilib.

 2025-ci ilin sonuna dünya üzrə neft ehtiyatları 1,8 trilyard barel qiymətləndirilib. Yaxın Şərq 870,9 milyard barellə qlobal ehtiyatların 48,3%-nə sahibdir.

Reytinqdə ikinci yeri Mərkəzi və Cənubi Amerika tutur. Bu regionda 354,8 milyard barel neft ehtiyatı var ki, bu da dünya üzrə ümumi ehtiyatların 19,7%-nə bərabərdir. Ehtiyatların böyük hissəsi Venesuelanın payına düşür. Ölkənin 303,4 milyard barel neft ehtiyatı regionun ümumi göstəricisinin təxminən 86%-ni təşkil edir.

Şimali Amerika 246 milyard barel ehtiyatla üçüncü yerdədir. Bu, dünya ehtiyatlarının 13,6%-i deməkdir. Regionun neft ehtiyatlarının təxminən 82%-i, yaxud 201,3 milyard bareli Kanadada yerləşir. Ölkənin ehtiyatlarının böyük hissəsi neft qumlarının payına düşür.

Rusiya və Mərkəzi Asiya regionunda 145,8 milyard barel neft ehtiyatı qeydə alınıb. Bu göstərici dünya ehtiyatlarının 8,1%-ni təşkil edir. Afrika 119,8 milyard barellə beşinci yerdə qərarlaşıb.

Asiya-Sakit okean regionunun payına 52,6 milyard barel və ya qlobal ehtiyatların 2,9%-i düşür. Avropa isə 12,6 milyard barellə siyahının sonuncu pilləsindədir. Bu, dünya neft ehtiyatlarının cəmi 0,7%-nə bərabərdir.

Neft ehtiyatlarının regionlar üzrə bölgüsü

  • Yaxın Şərq: 870,9 milyard barel - 48,3%
  • Mərkəzi və Cənubi Amerika: 354,8 milyard barel - 19,7%
  • Şimali Amerika: 246 milyard barel - 13,6%
  • Rusiya və Mərkəzi Asiya: 145,8 milyard barel - 8,1%
  • Afrika: 119,8 milyard barel - 6,6%
  • Asiya-Sakit okean: 52,6 milyard barel - 2,9%
  • Avropa: 12,6 milyard barel - 0,7%

Yaxın Şərqdə ehtiyatların əsas hissəsi bir neçə ölkədə cəmləşib. Səudiyyə Ərəbistanı 267,2 milyard barel, İran 208,6 milyard barel, İraq isə 145 milyard barel ehtiyata malikdir. Birləşmiş Ərəb Əmirliklərinin ehtiyatları 113 milyard barel təşkil edir.

Bununla belə, neft ehtiyatlarının həcmi hasilat səviyyəsi ilə eyni deyil. 2025-ci ildə Şimali Amerika gündəlik 31 milyon bareldən çox hasilatla dünyanın ən böyük neft hasil edən regionu olub. Yaxın Şərqdə isə gündəlik hasilat təxminən 31 milyon barel təşkil edib.