ABŞ-da benzinin qiyməti Tramp dövründə əvvəlki orta göstəricini ötüb

ABŞ-da benzinin qiyməti Tramp dövründə əvvəlki

“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ-da benzinin orta pərakəndə satış qiyməti Donald Trampın prezidentliyi dövründə Co Bayden administrasiyası zamanı qeydə alınan orta göstəricini keçib. Bu vəziyyət Konqresə keçiriləcək aralıq seçkilər ərəfəsində Respublikaçılar Partiyası üzərində siyasi təzyiqi artırır.

Donald Tramp benzinin qiymətini bir qallon üçün 2 dollardan aşağı salacağını vəd etsə də, Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatlarına əsasən, onun prezidentliyinin təxminən iki ili ərzində orta pərakəndə satış qiyməti 3,472 dollar/qallon təşkil edib.

Müqayisə üçün, Co Baydenin prezidentliyi dövründə benzinin orta qiyməti 3,471 dollar/qallon olub. Beləliklə, Trampın prezidentliyi dövründəki göstərici Baydenin dövründə qeydə alınan orta qiyməti cüzi fərqlə üstələyib.

Bununla yanaşı, ABŞ-da benzinin qiyməti ilin bu dövrü üçün rekord səviyyəyə yüksəlib. Ölkə üzrə orta qiymət 4,286 dollar/qallon təşkil edib. Tarixi maksimum isə 2022-ci ilin iyununda, Rusiya-Ukrayna münaqişəsinin başlanmasından sonra Baydenin prezidentliyi dövründə 5,02 dollar/qallon səviyyəsində qeydə alınıb.

Bu il benzinin və digər yanacaq növlərinin bahalaşmasının əsas səbəblərindən biri ABŞ və İsrailin İranda başlatdığı müharibə olub. Münaqişə neft tədarükündə fasilələrə səbəb olub və qlobal neft emalı imkanlarını məhdudlaşdırıb.

Son səkkiz ay ərzində ABŞ-da yanacaqdoldurma məntəqələrində benzinin orta qiyməti bir qallon üçün 1 dollardan çox artıb.

Dizel yanacağının qiymətində də kəskin yüksəliş müşahidə olunub. Mənbənin məlumatına görə, dizelin qiyməti təxminən 3 dollar bahalaşaraq tarixi rekordunu yeniləyib. Trampın prezidentliyi dövründə dizelin orta qiyməti artıq Bayden dövrünün orta göstəricisini təxminən 6% üstələyir. Ötən ay dizelin qiyməti rekord həddə — 6,53 dollar/qallon səviyyəsinə çatıb.

Aralıq seçkilər ərəfəsində Tramp administrasiyası xüsusilə dizel yanacağının bahalaşmasının qarşısını almağa yönəlmiş tədbirlərə diqqət yetirir.

Çərşənbə günü Tramp ABŞ-da yanacaq istehsalını artırmaq məqsədilə müharibə dövrü üçün nəzərdə tutulan xüsusi səlahiyyətlərdən istifadə edib.

Bundan başqa, ötən cümə günü ABŞ Energetika Nazirliyi neft emalı zavodlarına investisiyaların dəstəklənməsi üçün 150 milyon dollar vəsait ayrıldığını açıqlayıb.

Yanacaq qiymətlərinin səviyyəsi və onların iqtisadiyyata təsiri seçkilər ərəfəsində ABŞ-da əsas müzakirə mövzularından biri olaraq qalır.

MONETAR.AZ