Azərbaycanda qadınlarla kişilərin orta aylıq əməkhaqqı arasında fərq qalmaqdadır.
Monetar.az Dövlət Statistika Komitəsinin “Azərbaycanda qadınlar və kişilər – 2026” statistik məcmuəsi və dərc olunmuş statistik məlumatlara istinadən xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əməkhaqqı 1264 manat, qadınların isə 874,6 manat təşkil edib.
Beləliklə, qadınların orta aylıq əməkhaqqı kişilərin maaşından 389,4 manat və ya 30,8% az olub. Başqa sözlə, qadınların orta maaşı kişilərin qazancının təxminən 69%-nə bərabərdir.
Sahələr üzrə fərq daha böyük ola bilər. Maliyyə və sığorta fəaliyyətində kişilərin orta aylıq əməkhaqqı 3437,8 manat, qadınların isə 2016,8 manat olub. Aradakı fərq 1421 manat təşkil edib.
Peşə, elmi və texniki fəaliyyət sahəsində kişilər orta hesabla 2349 manat, qadınlar isə 1224,3 manat əməkhaqqı alıblar.
Təhsil sahəsində fərq nisbətən az olub. Bu sektorda kişilərin orta aylıq əməkhaqqı 875 manat, qadınların isə 788,2 manat təşkil edib.