2027-ci ildə iqtisadi artım liderləri: İlk üçlükdə Yaxın Şərq ölkələri

2027-ci ildə iqtisadi artım liderləri:

2027-ci ildə dünyanın ən sürətlə böyüyən iqtisadiyyatlarının İraq, Qətər və Küveyt olacağı gözlənilir. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, bu ölkələrdə real ÜDM artımı müvafiq olaraq 19%, 18,8% və 17,1% təşkil edəcək.

Monetar.az xəbər verir ki, BVF-nin 2026-cı ilin oktyabrında açıqladığı Dünya İqtisadi Görünüşü hesabatına əsasən, 2027-ci ildə qlobal iqtisadi artımın 3,4% olacağı proqnozlaşdırılır.

İqtisadi artım üzrə ilk onluqda 5 Yaxın Şərq ölkəsinin yer alacağı gözlənilir. İraq, Qətər və Küveytdən sonra reytinqdə Qayana 16,8%, Sudan 15%, Bəhreyn isə 13,9% artım proqnozu ilə qərarlaşıb.

Uqanda iqtisadiyyatının 9,9%, Səudiyyə Ərəbistanının 7,9%, Efiopiyanın 7,8%, Qvineyanın isə 7,8% böyüyəcəyi gözlənilir. Birləşmiş Ərəb Əmirlikləri üçün 7,7%, Vyetnam üçün 7,5%, Hindistan üçün isə 7% artım proqnozlaşdırılır.

Yaxın Şərq ölkələri üzrə yüksək göstəricilər 2026-cı ildəki kəskin iqtisadi daralmadan sonra bərpa gözləntiləri ilə əlaqələndirilir. Proqnozların reallaşması, xüsusilə, Hörmüz boğazından gəmiçilik fəaliyyətinin bərpasından asılıdır. BVF daşımaların 2027-ci ilin martından etibarən tədricən normallaşacağını ehtimal edir.

2027-ci ildə yalnız 3 ölkədə iqtisadi daralma proqnozlaşdırılır. Boliviyada real ÜDM-in 1,5%, Ekvatorial Qvineyada 1%, Haitidə isə 0,5% azalacağı gözlənilir. Yəmən iqtisadiyyatında artımın sıfır səviyyəsində qalacağı ehtimal edilir.

Böyük iqtisadiyyatlar arasında artım tempinin zəif olacağı ölkələr də var. İtaliyada iqtisadi artımın 0,6%, Fransa və Yaponiyada 0,7%, Almaniyada 1,1%, Böyük Britaniyada isə 1,2% təşkil edəcəyi proqnozlaşdırılır.

Müqayisə üçün, 2027-ci ildə avrozonada iqtisadi artımın 1,2%, ABŞ-da isə 2,3% olacağı gözlənilir. Avropada yüksək enerji xərcləri və Çin istehsalçılarının rəqabəti iqtisadi fəallığa təzyiq göstərən əsas amillər sırasındadır.