Azərbaycan ərzağa xərclənən pula görə 103 ölkə arasında 17-cidir

Azərbaycan ərzağa xərclənən pula görə

Azərbaycanda istehlak xərclərinin 37,6%-i evdə istehlak üçün alınan ərzaq məhsullarına yönəldilir. Qonşu ölkələr arasında bu göstərici Gürcüstanda 31%, İranda 27,6%, Rusiyada 25,7%, Türkiyədə isə 21,6% təşkil edir.

Monetar.az xəbər verir ki, bu barədə  ABŞ Kənd Təsərrüfatı Nazirliyinin İqtisadi Tədqiqatlar Xidmətinin 2025-ci il məlumatları əsasında hazırladığı araşdırmada  bildirilir. 

Məlumata görə, Azərbaycan bu göstərici üzrə araşdırmaya daxil edilən 103 ölkə arasında 17-ci yerdə qərarlaşıb. Ölkədə istehlak xərclərinin 37,6%-i ərzaq məhsullarının alınmasına sərf olunur.

Qonşu ölkələr arasında ən yüksək göstərici Gürcüstanda qeydə alınıb. Burada ərzaq xərclərinin istehlak büdcəsindəki payı 31% təşkil edir. İranda bu göstərici 27,6%, Rusiyada 25,7%, Türkiyədə isə 21,6%-dir.

Beləliklə, Azərbaycanda ərzağa ayrılan xərclərin ümumi istehlak xərclərindəki payı Gürcüstanla müqayisədə 6,6 faiz bəndi, İranla 10 faiz bəndi, Rusiya ilə 11,9 faiz bəndi, Türkiyə ilə isə 16 faiz bəndi yüksəkdir.

Dünya üzrə ən yüksək göstərici Nigeriyada qeydə alınıb. Bu ölkədə istehlak xərclərinin 56,2%-i ərzağa sərf olunur. Myanmada göstərici 54,8%, Laosda 53,9% təşkil edir. ABŞ və Sinqapurda isə ərzağın istehlak xərclərindəki payı müvafiq olaraq 6,4% və 6,3%-dir.

Qeyd edək ki, araşdırmada evdə istehlak üçün alınan ərzaq məhsulları nəzərə alınıb. Restoran xərcləri, alkoqollu içkilər və tütün məhsulları hesablamaya daxil edilməyib. Göstərici ərzağın qiymət səviyyəsini deyil, bu məhsullara çəkilən xərclərin ümumi istehlak xərclərindəki payını əks etdirir.