Oktyabrın 29-da dünyada Beynəlxalq Qayğı və Dəstək Günü qeyd olunur. Günün məqsədi yaşlı və fiziki imkanları məhdud şəxslərə qayğının əhəmiyyətini vurğulamaq, bu sahədə çalışan insanların əməyinə diqqəti artırmaqdır.
Monetar.az xəbər verir ki, BMT Baş Assambleyası 2024-cü ildə qəbul etdiyi qətnamə ilə bu günü təsis edib. Təşəbbüs qayğı və dəstək sistemlərinin inkişafını, bu sahədə gender bərabərliyinin təmin olunmasını və çalışanların hüquqlarının qorunmasını təşviq edir.
BMT qayğı və dəstək xidmətlərinin əlçatanlığının artırılmasını, keyfiyyətli iş yerlərinin yaradılmasını və eyni dəyərli əməyə görə ədalətli ödənişin təmin edilməsini vacib hesab edir. Eyni zamanda, qayğı işinin yalnız müəyyən qrupların üzərinə düşməsinə səbəb olan stereotiplərlə mübarizəyə çağırır.
Azərbaycanda da yaşlı vətəndaşların sosial müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir. 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul edilib. Yaşlı insanların sosial vəziyyətinin yaxşılaşdırılması və onların rifahının yüksəldilməsi dövlətin sosial siyasətinin əsas istiqamətlərindəndir.
Ahıl və fiziki imkanları məhdud şəxslərə evlərində və ictimai yerlərdə sosial xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu və Sosial Xidmətlər Agentliyi tərəfindən göstərilir. Bu işlərdə qeyri-hökumət təşkilatları, bələdiyyələr və yerli icra strukturları da iştirak edirlər.
Bununla yanaşı, yaşlı vətəndaşlara gündəlik qayğı göstərən ailə üzvlərinə də dövlət tərəfindən müvafiq ödənişlər edilir. Beynəlxalq Qayğı və Dəstək Günü isə cəmiyyətdə qayğı mədəniyyətinin gücləndirilməsinin və bu sahədə çalışan insanların əməyinin qiymətləndirilməsinin vacibliyini bir daha diqqətə çatdırır.