Qlobal bazarlarda qızılın unsiyası üçün 4 030 dollara düşüb. Qiymətli metal son 3 ayın ən aşağı səviyyələrinə yaxınlaşıb.
Monetar.az xəbər verir ki, qızılın ucuzlaşmasına ABŞ Federal Ehtiyat Sisteminin (Fed) faiz dərəcələrini dəyişməz saxlaması və neft qiymətlərinin yüksəlməsi fonunda inflyasiya narahatlıqlarının artması təsir göstərib.
Fed-in Açıq Bazar Əməliyyatları Komitəsi (FOMC) 10-a qarşı 2 səslə faiz dərəcələrini əvvəlki səviyyədə saxlamaq qərarı verib. Qurum inflyasiyanı nəzarət altına almaq öhdəliyini bir daha təsdiqləsə də, dekabr ayında faizlərin artırılıb-artırılmayacağı ilə bağlı konkret siqnal verməyib.
Bununla belə, bazar iştirakçıları dekabrda faiz artımı ehtimalını yüksək qiymətləndirirlər. CME FedWatch alətinin məlumatlarına əsasən, investorlar Fed-in bu il faizləri ikinci dəfə artıracağını gözləyirlər. Faizlərin yüksəlməsi ehtimalı qızıl kimi gəlir gətirməyən aktivlərə təzyiq göstərə bilər.
Digər tərəfdən, Səudiyyə Ərəbistanındakı neft emalı zavoduna hücum enerji təchizatında mümkün fasilələrlə bağlı narahatlıqları artıraraq neft qiymətlərinin yüksəlməsinə səbəb olub. Axios nəşrinin məlumatına görə, son anda razılaşma əldə olunmasa, ABŞ və İsrail İrana qarşı genişmiqyaslı zərbələr endirə bilər. Neftin bahalaşması isə inflyasiya risklərini gücləndirərək qızılın qiymətinə əlavə təzyiq yaradır.