Avro və funt dollar qarşısında ilin minimumlarına yaxınlaşıb

Avro və funt dollar qarşısında ilin

Avro və Britaniya funt sterlinqi ABŞ dollarının möhkəmlənməsi və investorların Federal Ehtiyat Sisteminin (FES) faiz qərarı öncəsi ehtiyatlı mövqeyi fonunda ilin minimum səviyyələrinə yaxın ticarət olunub.

Bakı vaxtı ilə saat 14:17-yə olan məlumata görə, GBP/USD valyuta cütü 0,18% ucuzlaşaraq 1,3283 dollara, EUR/USD cütü isə 0,01% azalaraq 1,1125 dollara geriləyib.

“ING” bankının Qlobal Bazar Analitikası rəhbəri Kris Törnerin sözlərinə görə, süni intellekt sektorunda sabitləşmə investorların diqqətini enerji daşıyıcılarının bahalaşması, inflyasiyanın sürətlənməsi və mərkəzi bankların mümkün reaksiyası kimi risklərə yönəldib.

“HSBC” analitiklərinin məlumatına əsasən, dollar indeksi (DXY) 102,35 bənd ətrafında qərarlaşıb və illik maksimumlarına yaxınlaşıb. Törner hesab edir ki, indeksin 102,50 bəndlik müqavimət səviyyəsini keçməsi 103,00 bəndə doğru yüksəlişə yol aça bilər.

İnvestorların diqqəti FED-in pul-kredit siyasəti üzrə qərarına yönəlib. Analitiklər qurumun sədri Kevin Uorşun qiymət sabitliyinə vurğu edən sərt mövqeyini qoruyacağını və bunun dolları dəstəkləyə biləcəyini gözləyirlər.

Bununla yanaşı, Kanada Bankının faiz qərarı, eləcə də ABŞ birjaları bağlandıqdan sonra “Alphabet” və “Microsoft” şirkətlərinin maliyyə hesabatları da bazar iştirakçılarının diqqətindədir.

Britaniya funtunun dinamikasına təsir göstərən əsas amillərdən biri Böyük Britaniya hökumətinin yeni payız büdcəsini təqdim etməsidir.

“ING” analitikləri büdcənin İngiltərə Bankının pul-kredit siyasətini sərtləşdirməsi perspektivlərinə ciddi təsir göstərəcəyini gözləmirlər. Bununla belə, minimum əməkhaqqı ilə bağlı gözlənilməz qərarlar maliyyə bazarlarında dəyişikliklərə səbəb ola bilər.

“ING” strategisti Mixil Tukkerin qiymətləndirməsinə görə, Böyük Britaniyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyində təxminən 20 baza bəndi həcmində risk mükafatı mövcuddur və bunun bir hissəsi azala bilər.

Kris Törner isə Böyük Britaniyanın 2027-ci ilə doğru büdcə siyasəti baxımından G7 ölkələri arasında düzgün istiqamətdə hərəkət edən azsaylı iqtisadiyyatlardan biri olduğunu düşünür.

Avronun zəifləməsinə təkcə dolların möhkəmlənməsi deyil, Fransada həllini tapmamış büdcə problemləri və sosial etirazlar da təsir göstərir.

Avropa Mərkəzi Bankının (ECB) son sorğusu borclanma şərtlərinin sərtləşdiyini və şirkətlərin kreditlərə tələbatının gözlənilmədən azaldığını göstərib. Bu nəticələr ECB-nin cümə axşamı keçiriləcək mətbuat konfransı öncəsi bazar iştirakçılarının diqqətini artırıb.

Texniki təhlillərə görə, EUR/USD cütü üçün 1,1065–1,1110 diapazonu mühüm dəstək zonası hesab olunur. Bu səviyyələrin aşağıya doğru qırılması halında analitiklərin diqqəti 1,0880 səviyyəsinə yönələ bilər.

“HSBC” analitikləri EUR/USD üçün 1,1066 səviyyəsini dəstək, 1,1223 səviyyəsini isə müqavimət kimi müəyyən ediblər. EUR/GBP cütündə 0,8350 səviyyəsi izlənilən hədlərdən biridir, növbəti səviyyə isə 0,8315-dir.

“LSEG” konsensus-proqnozuna əsasən, 2026-cı ilin sonuna EUR/USD məzənnəsinin 1,14, GBP/USD məzənnəsinin isə 1,33 səviyyəsində olacağı gözlənilir.

MONETAR.AZ