Ümumdünya Qastronomiya Turizmi Forumu ölkəmizdə keçiriləcək

Ümumdünya Qastronomiya Turizmi Forumu

Azərbaycan 2027-ci ilin iyun ayında 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək. Beynəlxalq tədbirin Qəbələ şəhərində keçirilməsi nəzərdə tutulur.

Dövlət Turizm Agentliyindən bildirilib ki, forum Azərbaycanın zəngin qastronomiya irsinin beynəlxalq səviyyədə tanıdılması və qastronomiya turizminin inkişafı baxımından əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində Azərbaycanın milli mətbəxi, ənənəvi qastronomiya irsi və yerli məhsulları beynəlxalq turizm və qastronomiya mütəxəssislərinə təqdim olunacaq.

BMT Turizmin təşkilatçılığı ilə 2015-ci ildən keçirilən Ümumdünya Qastronomiya Turizmi Forumu turizm və qastronomiya sahəsində fəaliyyət göstərən mütəxəssisləri, alimləri, istehsalçıları, sahibkarları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirir.

Forumun əsas məqsədi qastronomiya turizmi sahəsində bilik və təcrübə mübadiləsini təşviq etmək, uğurlu təcrübələri müəyyənləşdirmək və bu turizm növünün destinasiyaların inkişafındakı rolunu gücləndirməkdir.

Tədbir, həmçinin yerli qastronomiya ənənələrinin və mədəni irsin qorunması, yerli məhsulların tanıdılması, eləcə də turizm vasitəsilə iqtisadi inkişafın dəstəklənməsi məsələlərinin müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayır.

Forumun Azərbaycanda keçirilməsi ölkənin qastronomiya potensialının beynəlxalq auditoriyaya təqdim olunmasına imkan yaradacaq. Eyni zamanda, tədbirin turizm sahəsində investisiya və təhsil istiqamətlərində əməkdaşlığın genişləndirilməsinə, beynəlxalq turizm sənayesinin nümayəndələri ilə işgüzar əlaqələrin inkişafına töhfə verəcəyi gözlənilir.