Hər il oktyabrın 28-də dünyada Dünya Cüdo Günü qeyd olunur. Bu tarix cüdo idman növünün banisi Ciqoro Kanonun doğum günü ilə əlaqədardır.
Monetar.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası tərəfindən qeyd olunan bu günün məqsədi cüdonun dəyərlərini təbliğ etmək və idman növünə marağı artırmaqdır. 2026-cı ildə Dünya Cüdo Gününün mövzusu “Mənsubiyyət”dir. Bu mövzu cüdo ilə məşğul olan hər kəsin özünü idman ailəsinin bir hissəsi kimi hiss etməsinin vacibliyini vurğulayır.
Cüdo dünyada geniş yayılmış idman növlərindən biridir. Bu idman növü fiziki hazırlıqla yanaşı, intizam, qarşılıqlı hörmət, cəsarət və dostluq kimi dəyərləri də təşviq edir.
Azərbaycanda da cüdo ənənələri və idmançıların beynəlxalq uğurları ilə seçilir. Nazim Hüseynov 1992-ci ildə, Elnur Məmmədli isə 2008-ci ildə Olimpiya çempionu olub. Elxan Məmmədov 2013-cü ildə Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb.
Son illərdə Azərbaycan cüdoçuları beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında uğurlu nəticələr əldə ediblər.