Oktyabrın 28-də Beynəlxalq Animasiya Günü qeyd olunur

Oktyabrın 28-də Beynəlxalq

Hər il oktyabrın 28-də dünyada Beynəlxalq Animasiya Günü qeyd edilir. Bu tarix animasiya sənətinin yaranması və inkişafı ilə bağlıdır.

Monetar.az xəbər verir ki, 1892-ci il oktyabrın 28-də fransız ixtiraçı Emil Reno Parisdə hərəkətli şəkilləri nümayiş etdirən praksinoskop adlı aparatını təqdim edib. Bu hadisə animasiya tarixinin başlanğıc mərhələlərindən biri hesab olunur. Beynəlxalq Animasiya Günü 2003-cü ildə Beynəlxalq Animasiya Filmləri Assosiasiyası tərəfindən təsis edilib.

Azərbaycanda animasiya sənətinin tarixi 1930-cu illərə gedib çıxır. 1933-cü ildə “Azərbaycanfilm” studiyasının əməkdaşları animasiyanın istehsalı ilə bağlı hazırlıq işlərinə başlayıblar. Həmin il “Lökbatan” və “Neft simfoniyası” sənədli filmlərində texniki animasiyadan istifadə olunub. “Cat” adlı təlimat filmində isə animasiya əsas üsul kimi tətbiq edilib.

1968-ci ildə “Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexi yenidən fəaliyyətə başlayıb. Bir il sonra Azərbaycan xalq nağılının motivləri əsasında “Cırtdan” cizgi filminin istehsalına başlanılıb.

1980-ci illərdə Azərbaycanda bir sıra animasiya filmləri çəkilib. Onların arasında “Bir dəfə haradasa…”, “İthaf”, “Oda”, “Göyçək Fatma” və “Karvan” kimi əsərlər yer alıb. 1981-ci ildə isə rejissor Vaqif Behbudovun çəkdiyi “Başlanğıc” qısametrajlı televiziya cizgi filmi nümayiş etdirilib.

1990-cı ilin aprelində “Azanfilm” Yaradıcılıq-İstehsalat Birliyi yaradılıb. 2008-ci ildə Azərbaycan animasiyasının 75 illiyi münasibətilə “Bir nağıl söylə mənə” adlı cizgi filmləri toplusu hazırlanıb. Topluda 1980-ci illərdə çəkilmiş 9 animasiya filmi yer alıb.

2018-ci ildə Azərbaycanın ilk beynəlxalq animasiya festivalı olan ANİMAFİLM təsis edilib. Festival çərçivəsində uşaqlar və böyüklər üçün yerli və xarici animasiya filmləri nümayiş etdirilib.